Azərbaycanlılar arasında yeməklərin şahı plov hesab olunur. Evdar.az bir çox çeşidi olan plovun Qəbələ mətbəxinə məxsus döşəmə plovun reseptini təqdim edir.
Tərkibi:
- 5 stəkan düyü
- 250 qr kərə yağı
- 1 ədəd kənd toyuğu (çolpası)
- 1 ədəd yumurta
- 1,5 xörək qaşığı qatıq
- 2 ədəd soğan
- 2 dəstə şüyüd
- şabalıd
- duz
Hazırlanma qaydası:
İlk öncə qazanda su qaynadın. Əvvəlcədən yuyulmuş düyünü qaynayan duzlu suya əlavə edib 15 dəqiqədən sonra süzün.
Soğanı xırda-xırda doğrayın. Xırda doğranmış soğana duz əlavə edib ovun. Daha sonra soğana doğranmış şüyüd və narşərab əlavə edib qarışdırın. Toyuğu doğrayın. Doğranmış çolpanı bu qarışığın bir hissəsi ilə yaxşıca qarışdırın. Qarışığıın bir hissəsini əvvəlcədən azca bişmiş şabalıdla qarışdırın. Bu soğanlı qarışığı ətlə basdırma şəklində bir gün əvvəl hazırlayıb soyuducuda saxlamaq məsləhətdir!
Süzülmüş düyüdən 6-7 qaşıq (təpələmə) qaba əlavə edib soğanlı qarışığın qalan hissəsini və 3-4 dilim kərə yağı əlavə edib qarışdırın.
Plovun qazmağını hazırlamaq üçün qazana yağ əlavə edib əritdikdən sonra kənara qoyub 6-7 qaşıq (təpələmə) süzülmüş düyü, yumurta və qatıq əlavə edib qazanın dibinə hamar şəkildə yayın. Əvvəlcə hazırladığınız düyünü qazana əlavə edin və onun üstündən çolpanı, şabalıdı, sonda isə süzülmüş düyünü əlavə edib zəif ocaqda 1 saata yaxın dəmə qoyun.
Qeyd: Qəbələnin döşəməli plovunda ərik qurusu, kişmiş kimi şirin quru meyvələr olmur, bol Qəbələ şabalıdı olur ancaq.
Nuş olsun!