Kişilər üçün mal əti salatı çox ətirli, ədviyyatlı və doyurucudur. Bu nahar və ya şam yeməyi üçün ideal salatdır. Dadlı kişi salatının sirri sadədir – daha çox ət, təzə tərəvəz və ədviyyat. Evdar.az dadlı kişi salatının reseptini təqdim edir.
Tərkibi
- 300 qr mal əti
- 80 qr soğan
- 200 qr qırmızı bolqar bibəri
- 150 qr pomidor
- 30 qr sarımsaq
- 1 xörək qaşığı acika
- 5 xörək qaşığı soya sousu
- 0,5 çay qaşığı 70%-lik sirkə
- duz, istiot
- şəkər tozu zövqə görə
- qırmızı bibər tozu, pul bibər zövqə görə
- keşniş toxumu zövqə görə
- 20 ml bitki yağı (qızartmaq üçün)
- 50 ml bitki yağı (salata əlavə etmək üçün)
Hazırlanma qaydası:
Mal ətini nazik, uzun kublar şəklində kəsin. Doğradığınız ətləri saç içində və ya tavada yağda yaxşıca qovurun. Üzərinə duz və istiot əlavə edib ocaqdan götürün. Soğanı zolaqlar şəklində doğrayın və bir qabda üzərinə sirkə, bibər tozu, duz və şəkər tozu əlavə edib 20 dəqiqə marinə edin. Şirin bibəri zolaqlar şəklində doğrayın. Pomidorları dilimlərə kəsin, sarımsağı bıçaqla doğrayın. Salat hazırlayacağınız qabda qovrulmuş əti, doğranmış bibəri, pomidoru, sarımsağı, marinə edilmiş soğanı töküb qarışdırın. Üzərinə bitki yağı, soya sousu, acika və ədviyyatları əlavə edib qarışdırın. Salatı süfrəyə verdikdə üzərinə təzə göyərtiylə bəzəyib verə bilərsiniz.
Nuş Olsun!