Hazırda ölkədə soğan və kartof kəskin bahalaşıb. Bir ay bundan əvvəl kiloqramı 50-55 qəpiyə olan soğan hazırda bazarlarda kiloqramı 1,30 manata satılır. Kartofun qiyməti isə 1 manatdan 1,70 manata çatıb.
“Report” soğanın və kartofun qiymətinin kəskin bahalaşmasının səbəblərini araşdırıb.
Ağdamda uzun illərdir ki, soğan əkini ilə məşğul olan fermer “Report”a soğanın qiymətinin ölkədə kəskin artmasına münasibət bildirərkən qeyd edib ki, ölkənin anbarlarında kifayət qədər məhsul var:
“Ölkədə soğan qıtlığının yaşanması mümkün deyil. Fermerlər soğanı adətən iki anbarda saxlayırlar. Soyuducu anbarlarından başqa məhsul fermerlərin sahələrdə yaratdığı anbarlarda da saxlanılır. Soğan soyuducu anbarlardan adi anbarlara daşınarkən istehsalda 5 % -lik azalma olur. Çünki məhsul çeşidlənir və xarab olmuş soğan atılır. Bahalaşma isə bu keçid dövrünə görə olub. Qeyd edim ki, yaxın 20 gün ərzində bazara faraş soğan daxil olacaq. Yaxın zamanlarda bazarda soğanın ucuzlaşmasını gözləyirik”.
Faraş soğanda bu il qeydə alınan məhsuldarlıqdan danışarkən fermer qeyd edib ki, bu il faraş soğan çox əkilməyib:
“Faraş soğanı Bərdə fermerləri əkirlər. Bərdə fermerləri üç ildir ki, ziyana uğrayırlar. Bərdədəki fermerlər soğan istehsalına çəkdikləri xərcin yarı qiymətinə məhsullarını sata bilmədikləri üçün artıq çoxları əkmirlər. Bərdə bu il daha az faraş soğan bazara çıxaracaq. Soğan əkini ümumiyyətlə çox əziyyətli və vəsait tələb edən sahədir. Təzə soğanın qiymətinin 2021-ci il mövsümü ilə müqayisədə artması da gözlənilir”.
O, əlavə edib ki, bu il soğanda xəstəlik var idi, qarşısını almaq mümkün olmadı:
“Ölkəyə gətirilən dərmanların keyfiyyətindən fermerlər razı deyil. Soğan istehsalında istifadə edilən dərmanların zərərvericilərlə mübarizədə güclü təsiri yoxdur. Ona görə də fermerlərin bu il soğanda məhsuldarlığı az olub. Bununla yanaşı, fermerlər çox əziyyət çəkirlər, ölkədə mütəxəssislər, aqronomlar yoxdur. Aqronomlar yetişdirən müəllimlər sahələrə gəlirlər, lakin əkin-səpin prosesləri ilə bağlı təcrübələri yoxdur. Bu cür müəllimlərin yetişdirdikləri tələbələrin peşəkar aqronom olmaq ehtimalı azdır. Zərərvericilər, xəstəliklər inkişaf edir, ancaq aqronomlar inkişaf edə bilmir. Ona görə də bu cür problemlərin artması proqnozlaşdırılır”.
“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Vüqar Babayev isə qeyd edib ki, hazırda ölkədə soğanın bahalaşmasının səbəblərindən biri soğan istehsalında maya dəyərinə çəkilən xərcin artmasıdır:
“Soğanın saxlama kameralarına çəkilən xərclər artıb, dünya bazarlarında gübrələrin qiyməti kəskin artıb. İstehsalda istifadə edilən elə gübrələr var ki, qiymət artımı yüz faizdir. 2021-ci ildə ölkədə enerjinin qiymətinin artması da istehsalımıza təsir göstərib. Ümumiyyətlə, bazarda tələbat artan kimi qiymət artır. Rusiyadan, Ukraynanın bəzi Şərq vilayətlərindən, Türkiyədən, Pakistandan ölkəyə ucuz qiymətə soğan tədarük edilirdi. Lakin artıq idxal edilmir”.
V.Babayev əlavə edib ki, Ramazan ayına görə hazırda toy şənliklərinin sayı kəskin azalıb:
“Bu da soğan istehlakına təsir göstərir, yaxın zamanlarda bazara faraş soğanın da daxil olması ilə bu ay soğanın qiymətinin azalması gözlənilir”.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdiri Səadət Hacıyeva bildirib ki, soğana illik tələbat 240 min ton təşkil edir:
“Ölkədə soğanın özünütəminetmə göstəricisi 100 %-dən çoxdur. Ötən il ölkədə 11 min 647 hektar sahədə soğan əkinləri aparılıb. İstehsal isə 286 min 573 ton təşkil edib. Bu da 2020-cı illə müqayisədə 4,2 % çoxdur”.
S.Hacıyeva deyib ki, kartofa illik tələbat 800-840 min ton təşkil edir:
“Bu isə aylıq 65-70 min ton tələbat deməkdir. İllik tələbatın 90 %-i yerli istehsal hesabına ödənilir. Digər 10 % -lik hissə isə istehsaldan kənar idxal mənbələri hesabına ödənilir. Ötən il ölkədə 56 min 103 hektar sahədə kartof əkinləri aparılıb. Hektardan orta məhsuldarlıq isə 83, 8 sentner təşkil edib”.
O, qiymət artımına münasibət bildirərkən bildirib ki:
“Qiymət artımı region ölkələrinin bazarlarındakı dəyişikliklə əlaqədar ola bilər. Ölkədə ötən mövsüm kartof istehsalı çox olub. Aprelin 10-dan sonra təzə kartof və təzə soğan bazara çıxacaq. Bu da həcmdə artıma səbəb olacaq”.
Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucov hesab edir ki, ölkənin ümumi kartof istehlakının həcmi 1 milyon tona yaxındır:
“İstehsal da bu göstəriciyə uyğundur. Əkilən sortların düzgün şəkildə saxlanılmaması, soyuducu kameraların texniki tələbata cavab verməməsinə görə, biz müəyyən aylarda xaricdən ərzaqlıq kartof idxal edirik. Lakin daxili istehsal hesabına tələbatı tam ödəmək mümkündür”.
R.Orucov əlavə edib ki, ölkədə kartofçuluqda əsas problem toxumçuluqla bağlıdır:
“Ölkədə istehsal edilmiş kartof toxumu hesabına ümumi tələbatı ödəmək mümkün deyil. Ölkədə olan kartof ərzaqlıqdır, toxumluq keyfiyyətlərini daşımır. Kartof toxumları həm çiçək yumrularından, həm də kök yumrularından istehsal edilir. Bu gün Avropada toxumçuluqla məşğul olan müəssisələr fəaliyyət göstərir. Bu cür müəssisələrin olması kartofun istehsalında maya dəyərinə çəkilən xərci azaldır. Ona görə də mütləq ölkədə elit kartof istehsalı müəssisələrinin qurulması vacibdir. Hesab edirəm ki, bu istiqamətdə özəl sektor dəstəklənsə daha məqsədəuyğun olar. Çünki özəl sektorda kartof istehsalı ilə məşğul olan çoxlu sayda şirkətlər var. Bu şirkətlərin maddi-texniki bazası üzərində, Kənd Təsərrüfatı Nazirliyinin sertifikatı əsasında kartof toxumu istehsalına nail olsaq, il ərzində istehlak bazarımızı tamamilə daxili istehsal hesabına formalaşdıra bilərik. Bu isə toxuma olan təlabatı və maya dəyərini aşağı salar”.
Xatırladaq ki, bu ilin ilk ayında Azərbaycan xaricdən 512,24 min ABŞ dolları dəyərində 1,55 min ton kartof toxumu alıb. Belə ki, Ukraynadan 189,91 min ABŞ dolları dəyərində 575,5 ton, Gürcüstandan 175,38 min ABŞ dolları dəyərində 531,46 ton və Rusiyadan 146,95 min ABŞ dolları dəyərində 445,1 ton məhsul gətirilib. Ötən ilin yanvar ayı ilə müqayisədə Gürcüstandan tədarük müvafiq olaraq 71,6 % və 71,3 % artıb, Rusiyadan – 50,4 % və 50,1 % azalıb. 2021-ci ilin yanvarında Ukraynadan toxumluq kartof alınmayıb. Ötən il Azərbaycana idxal edilən 32,1 min ton toxumluq kartofun 82 %-i Rusiyanın payına düşüb.
Ən son Azərbaycan xəbərləri: https://yalan.info/xeberler/siyas%c9%99t/region/az%c9%99rbaycan/