Azərbaycan milli mətbəxindən, günəşin simvolu olan qoğalı şirin içliklə hazırlayın. Evdar.az xırçıltılı və inanılmaz dadlı şirin qoğalın reseptini təqdim edir.
Tərkibi:
Xəmiri üçün:
- 1 stəkan süd
- 1 stəkan su
- 1 ədəd yumurta
- 1 yumurtanın ağı ( sarısı üzərinə)
- 100 qr kərə yağı
- 1 çay qaşığı maya
- 2 xörək qaşığı şəkər tozu
- 1 çimdik duz
- 6-6,5 stəkan un
İçlik üçün:
- 1 stəkan un
- 1 stəkan şəkər tozu
- 1 çay qaşığı hil
- 50 qr kərə yağı
Qatların arasını yağlamaq üçün:
- 300 qr kərə yağı
- 1/2 st duru yağ
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qaba 1 stəkan ilıq süd, 1 stəkan ilıq su, 2 çay qaşığı şəkər tozu və 1 çay qaşığı maya əlavə edib qarışdırıb 5 dəqiqəlik kənara qoyun. Kərə yağını əridin. Südlü qarışığın üzərinə 1 ədəd yumurta, 1 ədəd yumurtanın ağını (sarısını üzəri üçün ayırın) əlavə edib qarışdırın. Daha sonra əridilmiş ilıq kərə yağı və çimdik duz əlaə edib qarışdırın. Üzərinə 6 stəkan un əlavə edib qarışdırın. Yarım stəkan un da əlavə edib xəmir yoğurun. Xəmiri mayalandırmadan 10 bərabər hissələrə bölüb kündələyin. Kündələrin üzərini örtüb 15 dəqiqəlik kənarda saxlayın.
İçliyi hazırlamaq üçün bir qabda un və kub-kub doğranmış soyuq kərə yağını əllə ovaraq umac halına gətirin. Üzərinə 1 stəkan şəkər tozu və üyüdülmüş hil əlavə edib qarışdırın.
Ara qatlarırını yağlamaq üçün kərə yağının üzərinə duru yağ töküb zəif ocaqda əridin. Kündənin birini unlanmış dəzgahda oxlovla nazik yayın. Qoğalı hazırlayacağınız dəzgahı yağlayın və yaydığınız xəmiri üzərinə yerləşdirin. Üzərinə əridilmiş yağ töküb yayın. Bu qaydayla 9 kündəni də üst-üstə düzüb yağlayın. Daha sonra 3-4 barmaq qalınlığında lent formasında kəsin. Bir ucundan başlayıb rulet kimi bükün. Hazırladığınız xəmirin alt hissəsində oyuq açıb içlikdən 2-3 çay qaşığı qoyub üzərini birləşdirin. Üzərindən basdıraraq qoğalları yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla yerləşdirin. Üzəri üçün ayırdığını yumurta sarısının üzərinə 1 xörək qaşığı süd əlavə edib qarışdırın və qoğalların üzərinə yaxın. Zövqə görə ağ küncüt səpib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada yaxşıca qızaranadək bişirin.
Əlavə qeyd: Bu ərzaqlarla 12 ədəd qoğal hazırlanır.
Nuş Olsun!