Ağızda Əriyən Sehirli Tort

Yields: 1 Serving

“The enchanteur “ – bu cazibədar tortu belə adlandırırlar.. Zərif, ağızda əriyən və ətirli moruq jeleli yumşaq bir bulud kimi tortu bişirmək vaxtınızı aparsa da dadından doymayacaqsınız. Evdar.az  füsunkar tortun reseptini təqdim edir.

Tərkibi:

Unsuz şokoladlı biskvit üçün:

  • 30 qr yumurta sarısı
  • 40 qr yumurta ağı
  • 48 qr şəkər tozu
  • 15 qr kakao

Moruqlu jele üçün:

  • 200 qr moruq cemi
  • 5 qr jelatin
  • 30 qr şəkər tozu

Vanilli krem-brüle üçün:

  • 140 qr qaymaq (35%)
  • 60 qr süd
  • 56 qr yumurta sarısı
  • 48 qr şəkər tozu
  • 1/2 vanil çubuğu

Şokoladlı parfe üçün:

  • 36 qr şəkər tozu
  • 20 qr su
  • 48 qr yumurta sarısı
  • 120 qr tünd şokolad
  • 300 qr qaymaq(35%)
  • 60 qr moruq

Nuqatin üçün:

  • 75 qr şəkər tozu
  • 50 qr qarğıdalı siropu
  • 65 qr badam ləçəyi

Hazırlanma qaydası:

Unsuz şokoladlı biskvit üçün bir qabda yumurta ağını şəkər tozuyla mikserlə çırpın. Yumurta sarısını da ayrıca çırpın və yumurta ağı kütləsinə əlavə edib ehtiyyatla qarışdırın. Kakaonu çırpdığınız kütləyə əlavə edin və taxta qaşıqla qarışdırın. Xəmiri 18 sm olan kvadrat siniyə yayın. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 8-10 dəqiqə bişirin.

Moruqlu jele üçün 25 qr soyuq suda jelatini isladın. Balaca qazanda moruq cemini şəkər tozuyla qarışdırıb orta ocaqda qaynadın. Bir az soyudub üzərinə köpürülmüş jelatini əlavə edin. Kvadrat formaya streç salafan sərin və moruqlu jeleni yayın. Daha sonra soyuducunun dondurucu rəfinə yerləşdirin.

Vanilli krem-brüle üçün balaca qazanda qaymaq, süd və vanil çubuğunu qarışdırıb ocağa qoyun. Bir qabda yumurta sarısını şəkər tozuyla çırpın. Yumurtalı qarışığı isti südlü qarışığa az-az əlavə edib qarışdırın. Dayanmadan qarışdıraraq qarışıqları birləşdirin. Kvadrat formaya yağlı kağız və ya folqa sərin. Üzərinə hazırladığınız kütləni yayın və əvvəlcədən 100 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Bişən krem-brüleni elə o formada soyuducunun dondurucu rəfində dondurun.

Nuqatin üçün şəkər tozunu siropla qarışdırıb karamelizə olanadək qaynadın. Badam ləçəklərini də əlavə edib dayanmadan qarışdırın. Badamlı kütləni kvadrat və silikon formaya yayın. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 5-8 dəqiqə bişirin.

Şokoladlı parfe üçün bir qabda yumurta sarısını mikserlə çırpın. Balaca qazanda su və şəkər tozunu qarışdırın. Siropu 118 dərəcəyə çatana qədər qaynadın. İsti siropdan qaşıq-qaşıq çırpılmış yumurtaya əlavə edin, dayanmadan soyuyanadək çırpın. Bir qabda qaymağı çırpın. Şokoladı əridin və ərinmiş şokoladı ( istiliyi 45 dərəcədən yuxarı olmasın) qaymağa əlavə edin. Ehtiyyatla yumurtalı qarışıqla birləşdirin. Sonda dilimlənmiş moruq və ya çiyələk əlavə edin.

Tortu yığmaq üçün ilk öncə kvadrat kənarları açılan formaya streç salafan sərin. Şokoladlı parfenin yarısını formanın içinə yayın. Nuqatini kvadrat formanın ölçüsündə (18×18 sm) kəsin və parfenin üzərinə yerləşdirin.

Daha sonra krem-brüle və parfenin qalan hissəsini yayın.

Növbəti qata moruqlu jele və biskviti yerləşdirin. Hazır olan deserti soyuducunun dondurucu gözünə 6-8 saatlıq yerləşdirin. Süfrəyə verdikdə tortu servis edəcəyiniz qaba çevirin, formanın kənarlarını açın və streç salafanı çıxarın. İstədiyiniz şokoladlı qlazuru tortun üzərinə yaxın və donması üçün yarım saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz deserti kvadrat formada kəsin. Bəzəmək üçün xırdalanmış nuqatin və dilimlənmiş çiyələkdən istifadə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir