Dovşan əti ağ ət qrupunda qida dəyəri yüksək olan qidalardan biridir. Tərkibində digər ətlərə nisbətən daha çox miqdarda zülal, fosfor, dəmir və mis kimi mineral duzlar var. Tərkibində A, C, D və B qrupu vitaminləri var. Sinir və qan hüceyrələri üçün lazım olan B 12 vitamini ilə zəngin dovşan əti orqanizmin gündəlik ehtiyacının 100 faizini asanlıqla ödəyir. Bu faydalı və dadlı dovşan ətindən çox ləziz yemək hazırlaya bilərsiniz. Evdar.az ləziz dovşan qızartmasının reseptini təqdim edir.
B12 Vitaminiylə Zəngin Ləziz Dovşan Qızartmasının tərkibi:
- 1 kq dovşan əti
- 4 diş sarımsaq
- 1 çay qaşığı paprika
- 2 budaq rozmarin
- zövqə görə duz, istiot
- 2 xörək qaşığı zeytun yağı
- 30 ml bitki yağı
- 1 stəkan qaynar su
- 50 qr kərə yağı
B12 Vitaminiylə Zəngin Ləziz Dovşan Qızartmasının hazırlanma qaydası:
İlk öncə dovşan ətini doğrayıb, yuyub suyunu süzün. Dovşan ətini dərin bir qaba qoyub üzərinə zeytun yağı, paprika, istiot və xırda doğranmış sarımsaq əlavə edib qarışdırın. Üzərini streç salafanla örtüb marinad olunması üçün 30 dəqiqəlik otaq temperaturunda saxlayın. Bitki yağını tavada qızdırın. Marinə olunmuş dovşan ətini yağda 12-15 dəqiqə hər iki tərəfli qızardın. Qızaran dovşan ətlərinin üzərinə qaynar su, rozmarin və duz əlavə edib tavanın qapağını örtün. Orta odda suyu çəkilənə qədər bişirin. Daha sonra kərə yağını da əlavə edib 4-5 dəqiqə qızardın. Hazır dovşan qızartmasının yanına qarnir olaraq tərəvəz salatı verə bilərsiniz.
Nuş Olsun!