Təbii möcüzə olan balqabaq tumlarından ənənəvi mayonezə alternativ olaraq ləziz və faydalı sous hazırlaya bilərsiniz. Ev şəraitində asan hazırlanan vegan mayonez müxtəlif yeməklərə və salatlara sous olaraq əlavədir. Evdar.az balqabaq tumundan hazırlanan ləziz və faydalı mayonezin reseptini təqdim edir.
Balqabaq Tumundan Hazırlanan Mayonezin tərkibi:
- 200 qr təmizlənmiş balqabaq tumu
- 190 ml su
- yarım limon suyu
- 2 xörək qaşığı xardal (acısız)
- 10 ml alma sirkəsi
- 1 çay qaşığı qurudulmuş soğan tozu
- zövqə görə duz
Balqabaq Tumu Mayonezinin hazırlanma qaydası:
Balqabaq tumunu yaxşıca yuyun. Bir neçə dəfə suyu dəyişdirilərək yuyulan balqabaq tumlarını süzgəcə tökün. Suyu süzülmüş tumları ilk öncə mətbəx salfetinin üzərində qurudun. Daha sonra tavanı qızdırıb tumları quru tavada 5-7 dəqiqə daim qarışdıraraq aşağı istilikdə qovurun. Qovrulmuş tumları ocaqdan götürüb qəhvəüyüdənlə toz halına gətirin. Blenderin qabına üyüdülmüş balqabaq tumu, su, yarım limon suyu, acısız xardal, alma sirkəsi, qurudulmuş soğan tozu və duz əlavə edib qatı bir maye halına gələnə qədər qarışdırın. Mayonez hazırdır! Hazır sousu qapalı, hava keçirməyən qabda 4-5 günə qədər soyuducuda saxlaya bilərsiniz.
Balqabaq Tumundan Hazırlanan Mayonezin Faydaları:
- Sağlamlığına və düzgün qidalanmasına nəzarət edənlər üçün idealdır.
- Bu sous ürək-damar sağlamlığını dəstəkləməyə, dərinin vəziyyətini yaxşılaşdırmağa və immunitet sistemini gücləndirməyə kömək edir.
- Bundan əlavə bu faydalı mayonezdə xolesterol yoxdur.
Nuş Olsun!