Category: Bayram Reseptləri, Salatlar, Yeni il süfrəsi
Yields:
1 Serving
Yeni il süfrəsi müxtəlif bayram yeməklərinin bolluğu və rəngarəngliyi ilə yanaşı, həm də ailə üzvləri və yaxın insanların bir araya toplaşıb birlikdə xoş anlar paylaşdığı bir masadır. Bu bayram süfrəsini yeni dadlarla bəzəmək istəyirsinizsə Mimoza salatını bu reseptlə sınayın. Evdar.az almalı Mimoza salatının reseptini təqdim edir.
Bayram Süfrəsinə Almalı Mimoza Salatı
Almalı Mimoza Salatının tərkibi:
- 300-350 qr hisə verilmiş balıq ( çəhrayı qızılbalıq idealdır)
- 6 ədəd yumurta
- 2 ədəd kartof
- 1 ədəd turşa-şirin alma
- 1 ədəd soğan
- 200-250 qr mayonez
Almalı Mimoza Salatının hazırlanma qaydası:
İlk öncə kartofu və yumurtanı su dolu qazanda bişirin. Bişmiş kartofun qabığını soyub sürtgəcdən keçirin. Yumurtaların qabığını soyub ağını sarısından ayırın. Ağlarını bıçaqla çox xırda doğrayın, yumurta sarılarını isə çəngəllə əzin. Soğanı çox xırda doğrayın və ya sürtgəcdən keçirin. Hisə verilmiş balığı sümüyündən ayırın və çəngəl ilə əzin və ya qarışdırın. Mimoza salatının inqrediyentləri eyni temperaturda olmalıdır. Ona görə onları yarım saat soyuducuda saxlayın. Salatı hazırlamaq üçün salat qabına ilk öncə sürtgəcdən keçirilmiş kartofun yarısını bərabər təbəqə şəklində yayın. Daha sonra əzilmiş balığın yarısını, ardınca isə doğranmış soğan qatını əlavə edin. Üzərinə mayonezin yarısını yaxın. Növbəti təbəqə xırda doğranmış yumurta ağının yarısıdır. Üzərinə qalan kartofu əlavə edin. Sonra qalan balığı da əlavə edin. Almanın qabığını soyun və birbaşa balıq qatının üzərinə sürtgəcdən keçirərək yayın. Üzərinə mayonez yaxın. Qalan yumurta ağlarını da töküb üzərini mayonezlə örtün. Mimoza salatının son təbəqəsi üçün qalan yumurta sarısını qaşıqla ələkdən keçirin. Almalı Mimoza salatını süfrəyə verməzdən əvvəl ən azı 2 saat və ya bir gecə soyuducuda saxlayın. Salatı süfrəyə verdikdə üzərini alma dilimləri ilə bəzəyin.
Ən dadlı salat reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
