Naringili merenga ruleti sitrus təravətinin heyrətamiz birləşməsidir. Bayram süfrəsinə çox yaraşan bu zərif desert həm görünüşü, həm də dadı ilə hər kəsi valeh edəcək! Evdar.az bayram süfrəsi üçün naringili merenga ruletinin reseptini təqdim edir.
Bayram Süfrəsinə Sitrus Təravətli Naringili Merenga Ruleti
Naringili Merenga Ruletinin tərkibi:
Merenga üçün:
- 6 ədəd yumurta ağı
- 1 çimdik duz
- 250 qr şəkər tozu
- 25 qr qarğıdalı nişastası
Naringili İçlik üçün:
- 300 qr qabığı təmizlənmiş naringi
- 2 ədəd yumurta sarısı
- 30 qr şəkər tozu
- 20 qr qarğıdalı nişastası
Krem üçün:
- 150 ml 33%-lik qaymaq
- 300 qr qaymaqlı pendir
20 qr şəkər kirşanı
Naringili Merenga Ruletinin hazırlanma qaydası:
Naringili içliyi hazırlamaq üçün ilk öncə naringilərin qabığını soyub blenderlə püre halına gətirin. Tel süzgəcdən keçirib naringinin suyunu ayırın. Bir qabda 3-4 qaşıq naringi suyu və nişastanı yaxşıca qarışdırıb həll edin. Kiçik bir qazana naringi suyu, nişasta qarışığı, yumurta sarısı və şəkər tozu əlavə edib tel çırpıcıyla qarışdırın. Qazanı ocağa qoyub orta odda qatılaşana qədər qaynadın. Ocaqdan götürüb üzərinə streç salafan sərin və otaq temperaturunda soyudun. Soyuyan naringili içliyi soyuducuya yerləşdirin.
Merenganı hazırlamaq üçün ilk öncə yumurtanın ağının üzərinə bir çimdik duz əlavə edib mikserlə yaxşıca çırpın. Üzərinə şəkər tozunu hissə-hissə əlavə edib çırpmağa davam edin. Daha sonra nişastanı da əlavə edib çırpın. Hazırladığınız kütləni yağlı kağız sərilmiş soba sinisinə yayın. Əvvəlcədən 150 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişən ruleti sobadan çıxarıb yağlı kağızı ayırın. Bezeli ruleti üst hissəsini başqa bir yağlı kağızın üzərinə çevirin.
Kremi hazırlamaq üçün qaymağı mikserlə yaxşıca çırpın. Üzərinə şəkər kirşanı və kəsmikli pendiri əlavə edib çırpmağa davam edin. Ruletin üzərinə ilk öncə naringili içliyi yayın. Üzərindən çırpılmış kremi də yaxıb yağlı kağızla çevirərək rulet formasında bükün. Merenga ruletinin üzərini bəzəyib 1 saatlıq soyuducuya yerləşdirin.
Ən dadlı desert reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
