Qırmızı (bənövşəyi) kələmdən dolma olur? deməyin. Ağ kələmdən qat-qat faydalı olan qırmızı kələmdən ləziz və faydalı dolma hazırlamaq olur. Belə ki, qırmızı kələmdə olan C vitamini ağ kələmdən 2 dəfə, A vitamini isə 4 dəfə daha çoxdur. Saysız-hesabsız faydaları olan qırmızı kələmdən hazırlanan dolma fərqli resept axtaranlar üçün əsl tapıntıdır. Evdar.az qırmızı kələm dolmasının reseptini təqdim edir.
Qırmızı Kələm Dolmasının tərkibi:
- 1 böyük qırmızı (bənövşəyi) kələm
- 3 stəkan yumru düyü
- 4-5 ədəd pomidor
- 2 əədəd soğan
- 5-6 diş sarımsaq
- 1 çimdik xırda doğranmış cəfəri
- 2 xörək qaşığı nar siropu
- 1/2 xörək qaşığı çili tomatı
- 1/2 xörək qaşığı tomat pastası
- 1 çay qaşığı nanə qurusu
- 1 çay qaşığı doğranmış ağ və ya bənövşəyi reyhan
- 1 çay qaşığı istiot
- 1 çay qaşığı kimyon (cirə)
- zeytun yağı
- duz
Sousu üçün:
- 4-5 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı çili tomatı
- 1 çay qaşığı nanə qurusu
Qırmızı Kələm Dolmasının hazırlanma qaydası:
Bənövşəyi kələmin baş hissəsini içinə doğru kəsib götürün. Qazana az duz əlavə edib qaynamağa qoyun. Bütöv kələmi qaynayan suda 1-3 dəqiqə pörtlədin. Üstü yumşaq olan yarpaqları götürüb qaynatmağa davam edin. Bişmiş yarpaqları soyuq su ilə yaxalayıb süzgəcə qoyun. Düyünü yuyub süzün.
İçliyi hazırlamaq üçün bir qabda yuyulmuş düyü, xırda doğranmış pomidor, soğan, sarımsaq, cəfəri, reyhan, nar siropu, tomaq pastası, çili tomatı, nanə qurusu, istiot, cirə, duz və zeytun yağını töküb qarışdırın. Soyuyan yarpaqların sərt damarlı hissələrini bıçaqla çıxarın və yarpaqları iki hissəyə bölün.Hazırlanmış içliyi yarpaqların içərisinə qoyub bükün. Bükdüyünüz dolmaları qazana düzün. Bir az duz səpdikdən sonra dolmaların səviyyəsinə qədər qaynar su əlavə edin və su qaynayana qədər yüksək odda, qaynamağa başlayanda isə zəif odda bişirin. Kiçik tavada zeytun yağını qızdırıb tomat pastası və nanə qurusu əlavə edib qarışdırın. Sousu dolmaların üzərinə bərabər şəkildə töküb qapağını örtüb 15-20 dəqiqə dincəldin. Daha sonra servis edəcəyiniz boşqaba düzüb süfrəyə verin.
Əlavə qeyd:
Qırmızı kələm dolmasının içliyini zövqə görə 200 qr qiyməylə də hazırlaya bilərsiniz.
Nuş Olsun!