Əhəri çörəyi Cənubi Azərbaycanda çox məşhur olan, ən qədim və ənənəvi çörəklərdən biridir. Əhər şəhərinin Əhər çörəyi, həm də şirniyyat sexlərində bişirilən bir növ şirniyyatdır. Bu ləziz kökə 2015-ci ildə İranın qeyri-maddi irsi siyahısına “Əhər Şirniyyatı ” kimi daxil edilib. Keçmişdə bu çörək daha çox dini mərasimlərdə və matəm məclislərində nəzir yeməyi kimi bişirib paylaylanardı. Evdar.az Cənubi Azərbaycanın ədviyyat qoxulu “Əhəri” çörəyinin reseptini təqdim edir.
Cənubi Azərbaycanın Ədviyyat Qoxulu “Əhəri” Çörəyi
Əhəri Çörəyinin tərkibi:
- 600 qr un
- 2 ədəd yumurta
- 150 ml duru yağ
- 280 qr şəkər tozu
- 150 qr qatıq
- 1,5 çay qaşığı soda +2 xörək qaşığı ilıq su
- 0,5 çay qaşığı zəncəfil tozu
- 1 çimdik zəfəran +4 xörək qaşığı qaynar su
- 1 paket vanil
Üzəri üçün:
- 1 ədəd yumurta
- 0,5 çay qaşığı kakao
- 1 çay qaşığı un
- ağ küncüt
Əhəri çörəyinin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir stəkanda 2 xörək qaşığı ilıq suyun üzərinə 1.5 çay qaşığı soda əlavə edib qarışdırın. Zəfəranı da dəmləmək üçün bir qabda 4 xörək qaşığı qaynar suyun üzərinə 1 çimdik zəfəran töküb kənara qoyun. Xəmiri hazırlayacağınız qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Bir kasada qatığın üzərinə zəncəfil tozu və dəmlənmiş zəfəranı da əlavə edib qarışdırın. Hazırldığınız ədviyyatlı qatığı yumurtalı qarışığın üzərinə əlavə edib mikserlə çırpmağa davam edin. Duru yağı və sodalı suyu da əlavə edib qarışdırın. Ələnmiş un və vanili hissələrlə xəmirə əlavə edib spatulayla qarışdırın. Ələ yapışan xəmiri streç salafana büküb 2 saatlıq soyuducuya yerləşdirin.
Üzəri üçün bir qabda yumurta, kakao və unu qarışdırın.
Xəmiri unlanmış dəzgahın üzərində 6-7 mm qalınlığında yayın. Yaydığınız xəmirdən diametri 10-12 sm dairəvi qəliblə kökələr kəsin. Bu qaydayla xəmir bitənə qədər kökələr hazırlayıb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Kökələrin üzərinə hazırladığınız yumurtalı qarışığı fırçayla yaxıb çəngəllə bəzək verin. Orta hissəsinə küncüt səpib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.
Nuş Olsun!
