Qonaqlarınız və ailəniz üçün hazırlaya biləcəyiniz, xüsusilə ət yeməyi sevənlərin çox sevəcəyi bir yemək resepti. Evdar.az sobada souslu küftəciklərin reseptini təqdim edir.
Küftələr üçün:
- 500 qr qiymə
- 1 ədəd rəndələnmiş soğan
- 1 ədəd rəndələnmiş sarımsaq
- 4,5 xörək qaşığı suxari tozu
- 3 xörək qaşığı süd (yumşaqlığı üçün)
- 1 ədəd yumurta
- 2 çay qaşığı duz
- 1 çay qaşığı istiot, qırmızı bibər tozu
Sousu üçün:
- 4 ədəd rəndələnmiş pomidor
- 2 ədəd yaşıl bibər
- yarım xörək qaşığı pomidor tomatı
- yarım stəkan su
- 2 xörək qaşığı duruyağ
- 1 xörək qaşığı kərə yağı
- duz, kəklikotu
- 1/2 kəsmə qənd (pomidor turşuluğunu götürməsi üçün)
Üzəri üçün:
- rəndələnmiş holland pendiri
Hazırlanma qaydası:
Küftəcikləri hazırlamaq üçün bir qabda qiymə, rəndələnmiş soğan, rəndələnmiş sarımsa, suxari tozu, süd (yumşaqlığı üçün), yumurta, duz, istiot, qırmızı bibər tozunu töküb yaxşıca qarışdırıb yoğurun. Üzərinə streç salafan keçirib yarım saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında qiymədən qoz böyüklüyündə toplar yuvarlayıb yağlanmış soba qəlibinə düzün. Əvvəlcədən 190-200 dərəcə qızdırlmış sobada arabir çevirərək bişirin.
Sousu hazırlamaq üçün tavaya duru yağı ə kərə yağını töküb qızdırın. Kiçik doğranmış bibərləri qızğın yağda 2 dəqiqə qovurun. Daha sonra üzərinə rəndələnmiş pomidor əlavə edin. Qaynamağa başladıqda üzərinə tomat əlavə edib qarışdırın. Duz, istiot, kəklikotu və qəndi də əlavə edib qarışdırın. Üzərinə yarım stəkan su əlavə edib bişirin və ocaqdan götürün. Bişən küftələri sobadan çıxarıb üzərinə hazırladığınız sousu tökün. Rəndələnmiş pendiri də səpib 180 dərəcə qızdırılmış sobaya yerləşdirib pendir əriyənə qədər bişirin.
Nuş Olsun!