Şokolad sevənlər bu dadı çox bəyənəcək. Evdar.az bir dilimində belə damaqda dad buraxan şokoladlı tartın reseptini təqdim edir.
Tart üçün:
- 250 qr un
- 100 qr şəkər kirşanı
- 125 qr kərə yağı və ya marqarin
- 2 ədəd yumurta sarısı
- 15 qr kakao
- 2 xörək qaşığı süd
- 1 paket vanil
- 1 çimdik duz
Şokoladlı pudinq üçün:
- 500 ml süd
- 40 ml qaymaq
- 50 qr şokolad
- 10 qr un
- 15 qr kakao
- 20 qr qarğıdalı nişastası
- 100 qr şəkər tozu
- 1 paket vanil
- duz
- 1 ədəd portağal qabığının rəndəsi
Hazırlanma qaydası:
Tartı hazırlamaq üçün bir qabda un, şəkər kirşanı, vanil, kakao, duz və soyuq kərə yağını qarışdırıb umac halına gətirin. Amma bunu ya sürətli edin ya da qabın altına buzlu su qoyun ki, yağ əlinizin istisindən əriməsin. Daha sonra süd və yumurta sarısını əlavə edib, xəmir yoğurun (ancaq çox yoğurmayın). Hazır olan xəmiri streç salafana büküb 15-30 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmiri soyuducudan çıxardıb 1 sm qalınlığında yayın və diametri 26-28 sm olan tart qabına yerləşdirin. Əllə basaraq kənarlarını qaba yapışdırın və kənarından çıxan xəmiri kəsin. Daha sonra xəmirin üzərində çəngəllə dəliklər açın (xəmir bişdikdə qalxmasın deyə). Xəmiri əvvəlcədən 180 dərəcə qızdrılmış sobada bişirin.
Şokoladlı pudinqi hazırlamaq üçün qazanda şəkər tozu, nişasta, kakao, duz və unu qarışdırın. Topaq qalmaması üçün qarışdıraraq südü əlavə edin. Qazanı ocağa qoyun, pudinq qaynayıb qatılaşana qədər bişirin. Qaymaq və şokoladı da əlavə edib şokolad əriyən kimi ocağı söndürün. Vanili və portağal qabığının rəndəsini əlavə edib qarışdırın. Tez-tez qarışdıraraq 5 dəqiqə soyudun. Daha sonra tartın içərisinə töküb yayın və biraz da kənarda saxlayıb, soyudun. Soyuyan tartı soyuducuya yerləşdirin. Soyuducudan çıxarıb üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz.
Nuş Olsun!