Bayram süfrəsi üçün hazırladığınız salat, paştet və ya şirin kremlərinizi posrionluq tartaletlərə doldurub süfrədə fərqlilik yarada bilərsiniz. Bu kiçik səbətlərə tərəvəz və meyvələrlə olan bir çox içliklər doldura bilərsiniz. Evdar.az ev şəraitində porsionluq tartalet reseptini təqdim edir.
Ev Şəraitində Porsionluq Tartaletin tərkibi:
Xəmiri üçün:
- 125 qr kərə yağı
- 1 ədəd yumurta
- 50 qr (yarım su stəkanı) şəkər kirşanı
- vanil
- 1 çimdik duz
- 1 xörək qaşığı (15 qr) qarğıdalı nişastası
- 2 stəkan (200 qr ) un
Ev Şəraitində Porsionluq Tartaletin hazırlanma qaydası:
Soyuq kərə yağını kiçik kub formasında doğrayın. Üzərinə un, qarğıdalı nişastası, şəkər kirşanı, vanil, duz və yumurta əlavə edib xəmir yoğurun. Xəmiri streç salafana büküb 1 saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında soyuducudan çıxartdığınız xəmiri iki yağlı kağız arasında oxlov ilə yayın. Yaydığınız xəmirdən stəkanla dairələr kəsin. Xəmirin birini kiçik keks qəlibinin arxa hissəsinə yerləşdirib digər qəlibi üstünə qoyub sıxın. Tartaletlər iki qəlibin arasında bişirilməlidir və qəliblər yağlanmamlıdır!
Bu qaydayla yaydığınız xəmirləri iki qəlibin arasında forma verib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.Qəlibin kənarlarından tartaletin necə qızardığına nəzarət edin. Hər soba fərqli şəkildə bişirə bilər. Bişən tartaletləri soyuducunun dondurucu rəfində saxlaya bilərsiniz. Bu reseptlə böyük ölçülü 12-14 ədəd, kiçik ölçülür 24 ədəd tartaletlər əldə edə bilərsiniz.
İçlik üçün bu kremdən də istifadə edə bilərsiniz.
Krem üçün:
- 500 ml süd
- 2 xörək qaşığı un
- 2 xörək qaşığı nişasta
- vanil
- yarım stəkan şəkər tozu
- 1 paket şanti krem
Kremin hazırlanma qaydası:
Bir qabda süd, un, şəkər tozu, nişasta və vanili əlavə edib qatılaşana qədər qarışdıraraq bişirin. Ocaqdan götürüb soyudun. Soyuduqdan sonra üzərinə 1 paket şanti krem əlavə edib mikserlə çırpın. Hazır kremi soyuducuda saxlaya bilərsiniz. Hazır kremi tartaletlərə doldurub meyvə və giləmeyvələrlə bəzəyin.
Ləziz Karamelli Tartaletkanın reseptini bu məqalədən oxuya bilərsiniz.
Nuş Olsun!