Xəmir yoğurmadan, toyuq filesindən dadlı və fərqli xaçapuri hazırlaya bilərsiniz. Evdar.az toyuq xaçapurisinin reseptini təqdim edir.
Tərkibi:
- 3 ədəd toyuq filesi
- 50 ml bitki yağı
- xmeli-suneli
- duz
İçlik üçün:
- 200 qr şampinyon göbələyi
- 2 ədəd soğan
- 2 ədəd pomidor
- 1-2 diş sarımsaq
- 150 qr pendir
Hazırlanma qaydası:
İlk öncə toyuq filesinin orta hissəsindən dərin kəsik atıb açın. Filenin üzərinə bitki yağı, duz, xmeli-suneli və duz səpib yaxşıca bulayın. Toyuq filesini marinə olması üçün kənara qoyun. Bu müddətdə içliyi hazırlayın. İçliyi hazırlamaq üçün tavada az yağda xırda doğranmış soğanı yüngül qovurun. Üzərinə doğranmış göbələyi və xırda doğranmış sarımsağı da əlavə edib qovurun. Qovrulmuş soğanlı göbələyi bir qaba boşaldın. Üzərinə qabıqsız, doğranmış pomidorları əlavə edin. Rəndələnmiş pendiri də əlavə edib qarışdırın. Hazırladığınız içliklə iç hissəsi açılmış,marinı edilmiş toyuq filelərini doldurun. İçliklə doldurulmuş fileləri yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Üzərinə rəndələnmiş pendir səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Nuş Olsun!