Faydalı və Dadlı Konfet- Xurmalı Enerji Topları

Yields: 1 Serving

Orqanizm üçün faydalı desert yemək hər kəsin arzusudur. Uşaqlıqdan hər kəsə məlumdur ki, çox miqdarda şokolad yemək zərərlidir. İşdə qəhvə fasiləsində və ya evdə çay süfrəsində şokoladı nə əvəz edə bilər? Əlbəttə ki, xurmalı konfetlər. Faydalı xüsusiyyətlərinə görə xurma qəlyanaltı üçün idealdır. Evdar.az xurmalı enerji toplarının reseptini təqdim edir.

Xurmalı Enerji Toplarının tərkibi:

  • 8-10 ədəd xurma
  • 80-100 qr qoz ləpəsi
  • 2 çay qaşığı kakao (1 xörək qaşığı konfet üçün, 1 xörək qaşığı bulamaq üçün)
  • 2-3 xörək qaşığı kokos (1-2 xörək qaşığı konfet üçün, 1 xörək qaşığı bulamaq üçün)

Xurmalı Enerji Toplarının hazırlanma qaydası:

İlk öncə xurmanı qaynar suda 5-8 dəqiqə saxlayın. Suyunu süzüb tumlarını çıxarın. Daha sonra yumşalan xurmaları blenderdən keçirin. Qoz ləpəsini xırda doğrayın. Dərin bir qaba pür halına gətirdiyiniz xurmanı, doğranmış qoz ləpəsi, kakao və kokos əlavə edib yaxşıca qarışdırın. Xurma kütləsindən kiçik toplar yuvarlayın. Yuvarladığınız topları kakao və kokosa bulayın. Hazırladıqdan sonra konfetləri formasını daha yaxşı saxlaması üçün soyuducuya yerləşdirin.

Əlavə qeyd:

  • Zövqə görə konfetləri şəkər tozu, xaş-xaş toxumu, badam ləçəyi və ya doğranmış qoz-fındıq ləpəsinə bulaya bilərsiniz.
  • Yumşalan xurmanı ətçəkən maşından da keçirə bilərsiniz.
  • Əllərinizi soyuq suda isladıb xurmalı kütlədən götürüb toplar hazırlamaq asan olacaq.
  • Bu konfet üçün istədiyiniz qoz-fındıqdan istifadə edə bilərsiniz.
  • Zövqə görə konfetlərə portağal qabığı, darçın tozu, üyüdülmüş mixək və hil əlavə edə bilərsiniz.

Xurmanın faydalı xüsusiyyətləri

 

  • Xurmanın tərkibində kalium, maqnezium, dəmir, manqan və mis, həmçinin A, C, E, B1, B2, B6 və digər vitaminlər var.
  • Xurma antioksidantlarla zəngindir ki, bu da xərçəng, Alzheimer və ürək xəstəlikləri kimi bir çox xroniki xəstəliklərin inkişaf riskini azaldır.
  • Xurmada çox miqdarda lif var, həzmi yaxşılaşdırmağa və aclığı azaltmağa kömək edir.
  • Xurmanın immunitet sistemini gücləndirməsi və orqanizmin bir çox infeksiyalara qarşı mübarizəsinə kömək etməsi qışda xüsusilə vacibdir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir