Pətək tortu son zamanlar hər kəsin axtardığı möhtəşəm tort reseptidir. Bu tort dadlı olduğu qədər, kəsilmiş bir dilimi arı pətəyinə bənzəyən görüntüsü də göz oxşayır. Evdar.az dadlı tortun reseptini təqdim edir.
Görüntüsü Və Dadı Möhtəşəm “Pətək” Tortunun tərkibi:
Korjlar üçün:
- 6 yumurta
- 3 stəkan şəkər tozu
- 2 çay qaşığı soda
- 5 xörək qaşığı bal
- 200 qr kərə yağı
- 7,5 stəkan un
Kremi üçün:
- 400 qr kərə yağı
- 300 qr qatılaşdırılmış süd
- 3 xörək qaşığı bişmiş krem( zavarnoy krem)
Görüntüsü Və Dadı Möhtəşəm “Pətək” Tortunun hazırlanma qaydası:
Korjları hazırlamaq üçün ilk öncə bal və 1 çay qaşığı sodanı qazana töküb qarışdırın. Qazanı ocağa qoyub karamel olana qədər qarışdıraraq bişirin. Daha sonra kərə yağı əlavə edib ocağı zəiflədin. Dayanmadan qarışdıraraq vam xodda qaynatmağa davam edin. Başqa bir qabda yumurta və şəkər tozunu tel çırpıcıyla və ya çəngəllə çırpın. Çırpılmış yumurtanı ocaqdaki ballı kütləyə hissə-hissə əlavə edib qarışdırın. 6 stəkan unu 1 stəkanla bir-bir, az-az ara verərək töküb qarışdırın. Daha sonra 1 çay qaşığı sodanı da əlavə edib 30 dəqiqə müddətində yaxşıca qarışdıraraq xəmiri bişirin. Qazanın dibi qazmaq tutduqda ocaqdan götürün. Dəzgahın üzərinə yarım stəkan un töküb xəmiri unlayaraq dəzgahda qarışdırın. Xəmiri soyuması üçün kənara qoyun.
Kremi hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə ağaranadək yaxşıca çırpın.Üzərinə qatılaşdırılmış süd əlavə edib çırpmağa davam edin. 3 xörək qaşığı bişmiş krem də əlavə edib çırpın.
1 stəkan unu dəzgahın üzərinə töküb soyuyan xəmiri unla yuvarlayın. Xəmirdən 20 ədəd kündə hazırlayın. Kündələr təxminən 140 qr çəkidə olmalıdır. Kündələri tək-tək yağlı kağız üzərində 28 sm ölçüdə yayın. Yaydığınız xəmirləri əvvəlcədən qızdırılmış sobanın ən yüksək dərəcəsində bişirin. Xəmir çox tez bişdiyi üçün diqqətli olmaq lazımdır. Çəngəlləməyə ehtiyac yoxdur!
Hazır korjları kremləyərək, aralarına qoz ləpəsi səpərək üst-üstə düzün. Üzərini zövqə görə bəzəyə bilərsiniz.
Nuş Olsun!