Həftənin yorğunluğunu atmaq, sevdiklərimizlə bir araya gəlmək üçün həftə sonları çox önəmlidir. Evdar.az sizin üçün evinizi iştahaaçan qoxularla dolduracaq və bazar günləri səhər yeməyinizi müşayiət edəcək reseptləri təqdim edir.
İspanaqlı, Pendirli Qayğanaq
İspanaqlı, Pendirli Qayğanağın tərkibi:
- 5 ədəd yumurta
- 5 xörək qaşığı süd
- 50 qr ispanaq
- 50 qr feta pendiri
- 20 qr kərə yağı
- zövqə görə duz, istiot
İspanaqlı, Pendirli Qayğanağın hazırlanma qaydası:
İlk öncə ispanağı yuyub suyunu süzün. Daha sonra ispanağı xırda doğrayın. Yumurtanı dərin bir qabda duz, istiot və südlə birlikdə çəngəllə çırpın.
Tavanı kərə yağıyla yağlayıb yaxşıca qızdırın. Çırpdığınız kütləni tavaya töküb 2 dəqiqə bişirin. Ocağı azaldıb qayğanağa doğranmış ispanaq və pendir səpin. Tavanın qapağını örtüb 2 dəqiqə bişirin. Hazır qayğanağı süfrəyə verdikdə zövqə görə üzərinə doğranmış yaşıl soğan, şüyüd və ya cəfəri səpə bilərsiniz.
Bananlı Yulaf Sıyığı
Bananlı Yulaf Sıyığının tərkibi:
- 200 qr yulaf yarması
- 600 ml süd
- 2 xörək qaşığı şəkər tozu
- 2 ədəd banan
- 0,25 çay qaşığı duz
- 20 qr kərə yağı
Bananlı Yulaf Sıyığının hazırlanma qaydası:
Dərin bir qazana yulaf yarması və soyuq südü töküb qarışdırın.Qazanı zəif ocaqda qaynamağa qoyun. Sıyığa duz və şəkər tozu da əlavə edib 10 dəqiqə vaxtaşırı qarışdıradaq bişirin. Bananları soyub kiçik kub formasında doğrayın. Üzəri üçün bir az kənara ayırın. Doğranmış bananları da qaynayan sıyığa əlavə edib qarışdırın və daha 10 dəqiqə bişirin. Sıyığa kərə yağı da əlavə edib ocağı söndürün. Qazanın qapağını örtüb 15 dəqiqə kənarda saxlayın. Hazır sıyığı süfrəyə verdikdə üzərinə kənara ayırdığınız banan dilimlərini düzün.
Rekord Qıran Səhər Yeməyi
Rekord Qıran Səhər Yeməyinin tərkibi:
- 3 ədəd pomidor
- 1 ədəd yaşıl bolqar bibəri
- 1 ədəd qırmızı bolqar bibəri
- 2 diş sarımsaq
- 1 stəkan sürtgəcdən keçirilmiş holland pendiri
- 1 xörək qaşığı kərə yağı
- 1 çay qaşığı kəklikotu
- 1 çay qaşığı paprika
- 1/2 çay qaşığı istiot
- duz
Rekord Qıran Səhər Yeməyinin hazırlanma qaydası:
İlk öncə pomidorun qabığını soyub kub formasında doğrayın. Bibərləri və sarımsağı da nazik doğrayın. Kərə yağını tavada əridin. Nazik doğranmış bibərləri tavaya əlavə edib 1-2 dəqiqə qovurun. Sarımsağı da əlavə edib bir az daha qızardın. Kub formasında doğranmış pomidorları əlavə edib tavanın qapağını bağlayaraq pomidorları bişirin. Ədviyyatları və zövqə görə duz əlavə edin. Sürtgəcdən keçirilmiş holland pendirini də üzərinə səpib qapağı yenidən bağlayın və pendir əriyənə qədər bişirin. Ən sonda üzərinə kəklikotu səpib isti halda süfrəyə verin.
Sobada Yumurtalı Çörək Qızartması
Sobada Yumurtalı Çörək Qızartmasının tərkibi:
- 3 ədəd yumurta
- 3-4 budaq cəfəri
- 8 dilim çörək (bayat çörəkdən də istifadə edə bilərsiniz)
- bir çay qaşığı duz
- 2 xörək qaşığı zeytun yağı
- zövqə görə qırmızı bibər tozu
- 1/2 stəkan çeddar pendiri
Sobada Yumurtalı Çörək Qızartmasının hazırlanma qaydası:
İlk öncə yumurtaları dərin bir qaba sındırın. Üzərinə xırda doğranmış cəfərini, sürtgəcdən keçirilmiş çeddar pendirinin yarısını və ədviyyatları əlavə edib yaxşıca çırpın. Yağı əlavə etdikdən sonra yaxşıca qarışdırın. Çörək dilimlərini yumurtalı qarışığa yaxşıca bulayın. Hər iki tərəfi yaxşıca bulanmış yumurtalı çörəkləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Qalan pendiri də çörəklərin üzərinə səpib əvvəlcədən 230 dərəcə qızdırılmış sobada üstü qızılı rəng alana qədər bişirin. Bişən çörəkləri isti halda süfrəyə verin.
İçliklə Doldurulmuş Yumurtalı Blinçik
İçliklə Doldurulmuş Yumurtalı Blinçikin tərkibi:
- 170 qr toyuq filesi
- 50 qr holland pendiri
- 50 qr süzmə qatıq
- 3 ədəd yumurta
- duz, istiot
İçliklə Doldurulmuş Yumurtalı Blinçikin hazırlanma qaydası:
Toyuq filesini az duzlu suda 25-30 dəqiqə bişirin. Bişirib soyutduğunuz fileni didin. Pendiri sürtgəcdən keçirib toyuq filesinin üzərinə əlavə edin. Zövqə görə duz, istiot və süzmə qatıq əlavə edib qarışdırın. Yumurtalı blinçiki hazırlamaq üçün kasada bir ədəd yumurtanı çəngəllə çırpın. Yağlanmış tavada yumurtanı yalnız bir tərəfdən bişirin. Qalan 2 ədəd yumurtanı da bu qaydayla bişirin. Bişən yumurtalı blinçikə hazırladığınız içliyi büküb süfrəyə verin.
Sobada Avokadolu Yumurta
Sobada Avokadolu Yumurtanın tərkibi:
- 2 ədəd yumurta
- 2 dilim hisə verilmiş hinduşka filesi
- dörddə bir avokado
- 2 dilim tulum pendiri
- 6 dilim kolbasa
- 1 çimdik duz
- 1 çay qaşığı istiot
- 1 çay qaşığı kərə yağı
Sobada Avokadolu Yumurtanın hazırlanma qaydası:
İlk öncə avokadonu soyub dilimləyin. Muffin qəliblərini kərə yağıyla hərtərəfli yağlayın. Yağlanmış qəlibə hisə verilmiş hinduşka filesi dilimini yerləşdirin. Filenin orta hissəsinə doğranmış avokado,tulum pendiri və üzərindən kolbasa dilimini də qoyun. Duz və istiot əlavə edin. Yumurtaları da üzərinə sındırıb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Bu reseptlə 2 ədəd avokadolu yumurta qəlyanaltısı çıxacaq. Bişən qəlyanaltını qəlibdən çıxarıb süfrəyə verə bilərsiniz.
Üstü Xırçıldayan, İçi Axışqan Pendirli Lokma
Üstü Xırçıldayan, İçi Axışqan Pendirli Lokmanın tərkibi:
- 3 ədəd yumurta
- 3 xörək qaşığı qaymaqsız qatıq
- 1 stəkan rəndələnmiş pendir
- yarım stəkan duru yağ
- 3-4 budaq doğranmış cəfəri və ya şüyüd
- 1 paket qabartma tozu
- 2 çay qaşığı duz
- yarım çay qaşığı qırmızı bibər tozu
- 1 çimdik istiot
- 1 kiçik diş rəndələnmiş sarımsaq
- 1 çay qaşığı sirkə
- 2-2,5 stəkan un
Üstü Xırçıldayan, İçi Axışqan Pendirli Lokmanın hazırlanma qaydası:
İlk öncə bir qabda yumurtaları çırpın. Üzərinə qatıq, rəndələnmiş pendir, duru yağ, doğranmış cəfəri və ya şüyüd, qabartma tozu, duz, bibər tozu, istiot və rəndələnmiş sarımsaq əlavə edib qarışdırın. Unu da hissə-hissə əlavə edib qarışdırın. Tavaya bol yağ töküb qızdırın. Hazırladığınız xəmirdən bir desert qaşığı götürün, qızdırılan yağa tökün və yaxşıca qızardın. Bu qaydayla xəmir bitənə qədər lokmalar qızardın.
Düyülü Oladi
Düyülü Oladinin tərkibi:
- 120 qr düyü
- 2 ədəd yumurta
- şüyüd
- zövqə görə duz, istiot
Düyülü Oladinin hazırlanma qaydası:
İlk öncə düyünü suda bişirib soyudun. Bir qabda yumurtanın üzərinə ədviyyatları əlavə edib yaxşıca çırpın. Çırpdığınız yumurtanı bişmiş düyünün üzərinə əlavə edib qarışdırın. Doğranmış şüyüd də əlavə edib qarışdırın. Hazırladığınız kütlədən kiçik ölçülərlə tavaya töküb qızılı rəng olanadək qızardın. Tərkibində şəkər tozu əlavə edib, bal ilə birgə desert kimi süfrəyə verə bilərsiniz.
İspanaqlı, Pendirli Bulka
İspanaqlı, Pendirli Bulkanın Tərkibi:
Xəmiri üçün:
- 300 qr un
- 5 qr quru maya
- 5 qr duz
- 1 çay qaşığı şəkər tozu
- 90 ml isti su
- 90 ml isti süd
- 3 xörək qaşığı bitki yağı
İçliyi üçün:
- 200 qr kəsmikli pendir
- 100 qr ispanaq
- 100 qr mozarella pendiri
Üzəri üçün:
- yumurta sarısı
- süd
İspanaqlı, Pendirli Bulkanın Hazırlanma qaydası:
Bir qabda ələnmiş unun üzərinə duz və quru maya töküb qarışdırın. Üzərinə bitki yağı, isti süd və isti suyu töküb xəmir yoğurun. Yağlanmış qaba xəmiri qoyub üzərini örtün və 1-1,5 saatlıq isti yerdə saxlayan. Mayalanan xəmiri dəzgahın üzərində 40×30 sm-lik duzbucaqlı formada yayın. Yaydığınız xəmirin üzərinə kəsmikli pendiri yaxın. Daha sonra doğranmış ispanaq səpin. Mozarella pendirini də sürtgəcdən keçirib hər tərəfinə səpin. Zövqə görə duz səpə bilərsiniz.
Geniş tərəfindən bükərək rulet formasında yuvarlayın. Bükdüyünüz rulet formasını 9 hissəyə bölün. Yağlanmış qəlibə hissələri çevirərək düzün. Üzərinə çəngəllə yüngül çırpılmış süd və yumurta qarışığını yaxın. Əvvəlcədən 170-180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Əsas odur ki, tələsməyin ki, yaxşıca-yaxşıca bişsin. Üstü qızarırsa və bişdiyinə əmin deyilsinizsə, formanı folqa kağızıyla örtüb bişirmə vaxtını artırın.
Qat-Qat Xəmirdə Yumurta
Qat-Qat Xəmirdə Yumurtanın tərkibi:
- 1 vərəq qat-qat xəmir
- 4 ədəd yumurta
- 1/4 stəkan rəndələnmiş pendir
- 2 xörək qaşığı doğranmış təzə çəfəri
Qat-Qat Xəmirdə Yumurtanın hazırlanma qaydası:
İlk öncə qat-qat xəmiri dəzgahın üzərinə yayın. Xəmirdən kvadrat formasında və ya dairələr kəsin. Soba qəlibinə yağlı kağız sərib aralarında təxminən 5 sm məsafə saxlamaqla xəmirləri yerləşdirin. Bütün dairələrin kənarlarını təxminən yarım santimetr hündürləşdirin. Soba qəlibini xəmirlərlə birlikdə 20 dəqiqə soyuducuda saxlayın. Soba sinisini soyuducudan çıxartdıqdan sonra dərhal əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya qoyun və təxminən səkkiz dəqiqə bişirin. Formanı sobadan götürdükdən sonra dairələrin ortasına pendir səpin və hər birinə yumurta sındırın. Dadlandırmaq üçün duz və istiot əlavə edin. Yumurtalar hazır olana qədər yenidən sobada təxminən 12 dəqiqə bişirin. Süfrəyə verməzdən əvvəl üzərini xırda doğranmış cəfəri ilə bəzəyin.
Tavada Südlü Omlet
Tavada Südlü Omletin Tərkibi:
- 2 ədəd yumurta
- 120 ml süd
- 1 çay qaşığı bitki yağı
- 5 qr kərə yağı
- duz, istiot zövqə görə
Tavada Südlü Omletin hazırlanma qaydası:
Kiçik bir qabda bir çəngəllə süd ilə yumurtaları qarışdırın. Çırpmayın, ancaq silkələyin – yalnız ağ və sarısını qarışdırmaq üçün. Diametri təxminən 20 sm olan tavanı ocağa qoyub qızdırın. Hər iki növ yağı əlavə edin və yağ tavanın bütün səthinə yayılana qədər çevirin. İstiliyi maksimum dərəcədə artırın. Kərə yağı köpüklənməyə başladıqda yumurta və süd qarışığını tökün. Tavanı fərqli istiqamətlərdə əyərək, bərabər bir təbəqəyə yayın. Ocağa qoyub 6 saniyəni hesablayın. Tavanı 45 dərəcə bucaq tərəfə əyin, omletin kənarından bir spatula (və ya taxta qaşıqla) götürün və ortasına sürüşdürün (maye hissəsi yerindən mərkəzdən axacaq). Qarşı tərəfdəki kənarı ilə eyni qaydayla edin. Omletin bütün səthini südlə tutmaq üçün bu prosesi bir neçə dəfə təkrarlayın (bu yalnız 40 saniyə çəkəcək). Duz və istiot səpib süfrəyə verə bilərsiniz.
Nuş OLsun!