İnanılmaz Dərəcədə Ləzzətli “Sərxoş Gavalı” Tortu

inanılmaz derecede lezzetli sərxoş gavali tortu
Yields: 1 Serving

İnanılmaz dərəcədə ləzzətli , xüsusi günlərinizdə süfrələrinizin ulduzu olacaq “Sərxoş Gavalı” tortunu hazırlayaraq qonaqlarınızı təəccübləndirə bilərsiniz. Evdar.az ləziz “Sərxoş gavalı” tortunun reseptini təqdim edir.

“Sərxoş Gavalı” Tortunun tərkibi:

Şokoladlı biskvit üçün:

  • 3 ədəd yumurta
  • 90 qr şəkər tozu
  • çimdik duz
  • 60 qr un
  • 30 qr qarğıdalı nişastası
  • 15 qr kakao
  • 5 qr qabartma tozu

Merenqalı korj üçün:

  • 4 ədəd yumurta ağı
  • 150 qr şəkər tozu
  • 15 qr un
  • 150 qr badam ləpəsi (yüngül qovrulmuş) və ya qoz ləpəsi

Qara gavalı marinadı üçün:

  • 400 qr tumsuz qara gavalı qurusu
  • 100 ml rom və ya konyak
  • 150 ml qırmızı şərab

Kremi üçün:

  • 450 ml süd
  • 4 ədəd yumurta sarısı
  • 15 qr un
  • 10 qr qarğıdalı nişastası
  • 100 qr şəkər tozu
  • 250 qr kərə yağı

Şokoladlı-albalılı qlazur üçün üçün:

  • 150 ml su
  • 1 paket albalı jelesi
  • 100 qr südlü şokolad
  • 70 qr kərə yağı
  • 50 qr 26%-lik xama

“Sərxoş Gavalı” Tortunun hazırlanma qaydası:

Qara gavalı marinadını hazırlamaq üçün konteyner qaba qara gavalını tökün. Üzərinə rom və ya konyak və qırmızı şərabı əlavə edib qapağını örtün. 1 sutkalıq soyuducuya yerləşdirin.

Merenqalı korju hazırlamaq üçün bir qabda yumurta ağının üzərinə çimdik duz əlavə edib mikserlə yaxşıca çırpın. Çırpılmış yumurta ağına şəkər tozunu hissələrlə əlavə edib çırpmağa davam edin. Üzərinə un əlavə edib çırpın. Yüngül qovrulmuş və xırda doğranmış badam ləpəsini də əlavə edib spatulayla ehtiyyatla qarışdırın. Badam ləpəsini qoz ləpəsiylə də əvəz edə bilərsiniz. Hazır korju ölçüsü 28 х 18 olan dördbucaqlı qəlibə töküb yayın və üzərini hamarlaşdırın. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin. Bişən merenqalı korju qəlibdən ayırıb soyudun.

Şokoladlı biskvit

Şokoladlı biskviti hazırlamaq üçün bir qabda yumurta, çimdik duz və şəkər tozunu az-az əlavə edərək mikserlə yaxşıca çırpın. Üzərinə ələkdən keçirilmiş un, qabartma tozu, qarğıdalı nişastası və kakaonu əlavə edib taxta qaşıqla və ya spatulayla aşağıdan yuxarıya ehtiyatla çevirərək qarışdırın. Biskvit xəmirini ölçüsü 28 х 18 olan dördbucaqlı qəlibə töküb yayın. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişən biskviti elə qəlibdə soyudun.

Marinadlı qara gavalını hazırlamaq üçün 1 sutka soyuducuda saxladığınız qara gavalını süzün. Suyunu biskvitləri islatmaq üçün kənara ayırın. Suyu süzülmüş qara gavalıları bıçaqla doğrayın.

Şokoladlı biskviti  təmiz diş çöpüylə deşin. Kənara ayırdığınız gavalı marinadının suyuyla biskviti isladın.

Kremi hazırlamaq üçün kiçik bir qazanda süd, yumurta sarısı, qarğıdalı nişastası, un və şəkər tozunu tel çırpıcıyla yaxşıca açın. Qazanı orta odda qatılaşana qədər qarışdıraraq bişirin. Ocaqdan götürüb başqa bir qaba tel süzgəcdən süzün ki, topaq qalmasın. Üzərinə streç salafan keçirib soyuması üçün kənara qoyun. Otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə 5 dəqiqə çırpın. Üzərinə soyuyan bişmiş kremi hissə-hissə əlavə edib yaxşıca çırpın. Hazır kremi iki hissəyə ayırın. Kremin bir hissəsinə doğranmış gavalıların 3 də 1 hissəsini əlavə edib qarışdırın. Gavalılı kremi isladılmış şokoladlı biskvitin üzərinə yayıb hamarlaşdırın. Merenqalı korju da kremin üzərindən yerləşdirin. Ayırdığınız ikinici kremi də merenqalı korjun üzərinə yayın hamarlaşdırın. Kremin üzərinə qalan doğranmış gavalıları də səpib tortu 1 saatlıq soyuducuya yerləşdirin.

Şokoladlı-albalılı qlazur

Qlazuru hazırlamaq üçün qazana su və jeleni töküb qarışdırın. Qazanı ocağa qoyub jele əriyib həll olunana qədər isidib götürün. Başqa bir qazanda südlü şokolad parçaları, kərə yağı və xamanı qarışdırıb ocaqda əridin. Ocaqdan götürüb üzərinə jeleli qarışığı töküb qarışdırın. Tamamilə soyuyana qədər otaq temperaturunda gözlədin. Soyuyan şokoladlı-albalılı qlazuru tortun üstünə gavalıların üzərinə tökün. Tortu 6 saatlıq soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir