İndiyə qədər bişirdiyiniz dolmanı bir də bu şəkildə hazırlayıb qışa saxlaya bilərsiniz. Evdar.az konservləşdirilmiş yarpaq dolmasının reseptini təqdim edir.
Tərkibi:
- 2 kq yarpaq
- qaynatmaq üçün isti su
İçlik üçün:
- 1 kq soğan
- 1,5 kq düyü
- 1 stəkan zeytun yağı
- 2 stəkan su
- 2 çay qaşığı duz
- zövqə görə istiot
- 1 dəstə kişniş, şüyüd, təzə nanə
Hazırlanma qaydası:
İçlik üçün soğanı xırda doğrayıb yağda azca qovurun. Düyünü 5 dəqiqə suda saxlayıb bol suyla yuyub süzün. Yuyub süzdüyünüz düyünü də soğana əlavə edib qarışdırın. Üzərinə 2 stəkan su töküb su quruyana qədər bişirin. Üzərinə duz, istiot, yuyulub doğranmış kişniş, şüyüd, təzə nanə töküb qarışdın və ocaqdan götürün.
Yarpaqları isti suda azca yumşaldıb götürün. Hər bir yarpağa hazırladığınız içlikdən çay qaşığı qədər qoyub nazik və uzun şəkildə bükün. Bu qaydayla içlik qurtarana qədər bükün. Hazır dolmaları dik şəkildə bankalara yerləşdirin. Bankaların qapağını möhkəmcə bağlayın. Böyük bir qazanın altına dəsmal və ya bez qoyun. Dəsmalın üzərindən bankaları dik şəkildə qazana yerləşdirin. Bankanın yarısına gələcək qədər su doldurun və ocaqda 30 dəqiqə qaynadın. Masanın üzərinə mətbəx süfrəsi sərin. Ocaqdan götürdüyünüz bankaları tərs çevirib süfrənin üzərinə qoyun. Mətbəx süfrəsiylə bankaları bükün və bir gecə saxlayın. Sabahı gün qapaqlara nəzarət edin. Orta hissəsi çuxur şəkildədirsə deməli hazırdır. Konservləşdirilmiş dolmaları qaranlıq və sərin yerdə saxlayın. Bu şəkildə dolmaları 6 ay saxlaya bilərsiniz.
Dolmaları bişirimək üçün qapağını açdıqdan sonra qazana düzün. Üzərinə zövqə görə duz səpib 1,5 stəkan su töküb qaynayana qədər yüksək ocaqda, daha sonra zəif ocaqda bişirin. Suyu azalan dolmanın üzərinə limon sıxıb, zeytun yağı gəzdirin. 1-2 dəqiqə bişirib ocağı söndürün. Bişmiş dolmaları süfrəyə verə bilərsiniz.
Nuş Olsun!