Kübarlara Layiq Marqarita Pizzası

Yields: 1 Serving

Ən geniş yayılmış, ləziz “Marqarita” pizzası ilk dəfə 1889 – cu ildə Neapolda, İtaliya kralı I Umbertonun xanımı, kraliça Marqaritanın şərəfinə hazırlanıb. Evdar.az İtaliya bayrağının üç rəngini simvollaşdıran kübarlara layiq pizzanın reseptini təqdim edir.

Tərkibi:

  • 2,5 stəkan un
  • 2,5 xörək qaşığı zeytun yağı
  • 1 stəkan ilıq su
  • 1/2 çay qaşığı quru maya
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı şəkər tozu

Sousu üçün:

  • 4 ədəd pomidor
  • 4 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı kəklikotu

Üzəri üçün:

  • 250 qr rəndələnmiş mozzarella pendiri
  • 4 ədəd təzə reyhan yarpağı

Hazırlanma qaydası:

Bir qabda ilıq su, şəkər tozu və quru mayanı qarışdırın, 10 dəqiqə kənarda saxlayın. Ələnmiş unun orta hissəsini hovuz kimi açın. Unun kənar hissələrinə duzu səpin. Hazırladığınız maya qarışığını unun orta hissəsinə tökün. Zeytun yağını da əlavə edin və unun orta hissədən kənara doğru qarışdıraraq xəmir yoğurun. Xəmiri yumaq halına gətirin və streç salafana büküb otaq temperaturunda 30 dəqiqə gözlədin. Pizzanın sousu üçün qabığını soyduğunuz pomidorları rəndələyin. Zeytun yağını tavada qızdırın. Rəndələnmiş pomidoru 3- 4 dəqiqə yağda qovurun. Kəklikotu əlavə edin və qarışdırın. Hazırladığınız sousu soyuducuda soyudun. Mayalanan xəmiri iki bərabər kündələrə bölün. Kündəni yüngül bir şəkildə unlanmış mətbəx dəzgahının üzərində əlinizlə böyüdərək dairəvi şəklində açın. Açılan xəmirləri ehtiyyatla soba sinisinə ayrı-ayrı yerləşdirin. Pomidor sousunu bir qaşıq köməyiylə pizzanın orta hissəsindən başlayaraq kənarlara doğru yayın. Kənar hissələrində təxminən bir barmaq qalınlığında sous çəkilməyən yer saxlayın. Rəndələnmiş mozzarella pendirini pizzanın üzərinə səpin. Əvvəlcədən 250 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə pendirlər əriyib qızarana qədər bişirin. Sobadan çıxan pizzanın üzərinə reyhan yarpaqlarını səpin. İsti-isti pizzanı dilimləyərək sevdiklərinizlə bölüşün.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir