Pudinq növü kimi tanınan “Toyuq sinəsi (Tavuk göğsü)” Türk mətbəxinin ləzzətli südlü bir desertidir. Bu desertə ad tərkibində toyuq sinəsindən istifadə edildiyi üçün verilib. Ancaq yalançı toyuq sinəsi də hər kəsin hazırlaya biləcəyi asan desertdir. Xüsusən də yay ayları üçün mükəmməl bir seçim olacaq. Evdar.az yalançı toyuq sinəsinin reseptini təqdim edir.
Tərkibi:
- 125 qr kərə yağı və ya marqarin
- 1 stəkan un
- 1 litr süd
- 1 stəkan şəkər tozu
- 1 paket vanil
Supangle üçün:
- 2,5 stəkan süd
- yarım qutu qaymaq (100 ml)
- 2 xörək qaşığı nişasta
- 2 xörək qaşığı kakao
- 3 ədəd yumurta sarısı
- 1 xörək qaşığı kərə yağı
- 1 paket vanil
- 100 qr bittər şokolad
Hazırlanma qaydası:
İlk öncə yağı qazana qoyub əridin. Üzərinə unu əlavə edib zəif ocaqda 5 dəqiqə qovurun (rəngi dəyişməməlidir). Unu qovurduqdan sonra üzərinə südü əlavə edib qarışdırın. Qatılaşmağa başladıqda şəkər tozunu əlavə edin. Dayanmadan qarışdıraraq bişirin, qaynamağa başladıqda ocağı söndürüb vanil əlavə edin və mikserlə 3-4 dəqiqə çırpın. Servis edəcəyiniz qabı əvvəlcədən isladın (ancaq yaş olacaq, deserti edəcəyiniz qabda su qalmasın). Çırpdığınız kütləni qaba töküb yayıb kənarda gözlədin. Əgər vaxtınız varsa bu şəkildə istəsəniz 1 gecə gözlədə bilərsiniz.
Supangleni hazırlamaq üçün bir qazanda süd, qaymaq, yumurta sarısı, kakao və nişastanı tel çırpıcıyla yaxşıca çırpın. Qazanı orta istilikdə qarışdıraraq qaynayana qədər bişirin. Ocağı söndürdükdən sonra kərə yağı, kakao və bittər şokoladı əlavə edib tel çırpıcıyla yaxşıca çırpın. Kütlə soyuyana qədər qısa fasilələrlə tel çırpıcıyla qarışdırmağa davam edin. Çırparaq soyuyan supangleni qabqdaki kütlənin üzərinə töküb 2-3 saat soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl üzərinə kakao səpin.
Nuş Olsun!