Almalı ləziz peçenye çay süfrəsi üçün ideal şirniyyatdır. Tez hazırlanan bu dadlı peçenyeni məktəbli uşaqlara və ya iş üçün də desert kimi verə bilərsiniz. Evdar.az 30 dəqiqəyə hazırlanan ləziz almalı peçenyenin reseptini təqdim edir.
Almalı Ləziz Peçenyenin tərkibi:
- 600 qr un
- 5 ədəd yumurta
- 250 qr kərə yağı
- 1 çay qaşığı qabartma tozu
- 2 damcı vanil ekstraktı
- yarım stəkan şəkər tozu
- 0,25 çay qaşığı duz
- 350 qr şirin alma
Almalı Ləziz Peçenyenin hazırlanma qaydası:
Dərin bir qabda un, duz və qabartma tozunu qarışdırın. Ayrı bir qabda yumurtaları şəkər tozuyla birlikdə mikserlə yaxşıca çırpın. Yumurtalara ərinmiş kərə yağı və vanil ekstraktı əlavə edib qarışdırın. Almaların qabığını soyun, çəyirdəyini çıxarıb və kiçik kub formasında doğrayın. Çırpılmış yumurta kütləsinə quru qarışığı və doğranmış almanı əlavə edib xəmir yoğurun. Peçenye xəmirindən qaşıqla götürüb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Nəzərə alın ki, peçenyelər bişdikdə həcmcə çox artacaq. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10 – 12 dəqiqə bişirin. Bu qaydayla xəmir bitənə qədər bişirin. Bişən ləziz peçenyeləri süd, qəhvə və ya çayın yanına süfrəyə verə bilərsiniz.
Nuş Olsun!