McDonald’s kimi krevetkalı şaurmanı ev şəraitində hazırlaya bilərsiniz. Evdar.az unikal dəniz dadı və ətri olan krevetkalı şaurmanın reseptini təqdim edir.
McDonald’sdakı Kimi Krevetkalı Şaurmanın tərkibi:
- 2 ədəd tortilla lavaşı
- 10 ədəd krevetka
- pekin kələmi və ya aysberq kələmi
- 1/2 ədəd xiyar
Klyar üçün:
- un və ədviyyat
- yumurta və duz
- şəkərsiz qarğıdalı lopası
- bitki yağı
Sousu üçün:
- 3-4 xörək qaşığı mayonez və ya xama
- 1 çay qaşığı xardal
- 2 diş sarımsaq
- 1 çay qaşığı limon suyu
McDonald’sdakı Kimi Krevetkalı Şaurmanın hazırlanma qaydası:
Klyarı hazırlamaq üçün bir qabda yumurtaya duz əlavə edib çəngəllə çırpın. Başqa bir qabda zövqə görə ədviyyat və unu qarışdırın. Şəkərsiz qarğıdalı lopalarını da xırdalayıb boşqaba tökün. İlk öncə təmizlənmiş krevetkaları unlu qarışığa bulayın. Daha sonra çırpılmış yumurta və yenidən una və yumurtaya bulayıb əzilmiş qarğıdalı lopasına batırın. Bu qaydayla krevetkaları klyara bulayıb qızdırılmış yağda hər tərəfli qızardın. Qızardılmış krevetkaları artıq yağını çəkmək üçün kağız dəsmalın üzərinə düzün.
Sousu hazırlamaq üçün bir qabda mayonez və ya xama, xardal, limon suyu və sarımsaqəzəndən keçirilmiş sarımsağı əlavə edib qarışdırın.
Kələmi nazik doğrayın. Tortilla lavaşına ilk öncə doğranmış kələmi səpin. Üzərinə sousu əlavə edib doğranmış xiyar düzün. Qızardılmış krevetkaları da düzün və lavaşın bir hissəsini büküb bir tərəfini açıq saxlayın. Şaurmanı formasını yaxşı saxlaması üçün qızdırılmış quru tavada iki tərəfli yüngül qızardın.
Nuş OLsun!