Azərbaycan mətbəxinin qədim yeməklərindən biri də hər bölgədə fərqli üsullarla bişirilən Qaşxəngəli, Qaşıq Xəngəli və ya Sulu Xəngəl yeməyidir. Bu dadlı yemək soyuqdəymənin dərmanı olaraq da bilinir. Evdar.az Qaşıq Xəngəlinin reseptini təqdim edir.
Milli Mətbəximizin Antibiotik Şorbası Qaşxəngəlinin tərkibi:
Xəmiri üçün:
- 2 ədəd yumurta
- 500 qr un
- ilıq su
- duz
Şorba üçün:
- soğan
- pomidor
- kərə yağı
- duru yağ
- kartof
- duz, istiot
- alça turşusu
- keşniş
- su
Milli Mətbəximizin Antibiotik Şorbası Qaşxəngəlinin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qaba ələnmiş un və duz töküb qarışdırın. Başqa bir qabda yumurtanı çəngəllə yüngül çırpıb unun üzərinə əlavə edin. İlıq suyu da az-az əlavə edib ələ yapışmayan bərk xəmir yoğurun. Xəmiri iki hissəyə bölüb kündələyin. Kündələrin üzərini örtüb 15 dəqiqə kənarda saxlayın. Daha sonra kündənin birindən unlanmış dəzgahın üzərində 0,5 mm qalınlığında yuxa yayın. Bu yuxanı kiçik kub formasında bıçaqla və ya xəmirkəsənlə kəsin. Bu qaydayla qalan kündəni də yayıb xəngəllər kəsin. Kəsdiyiniz xəngəlləri bir az dəzgahın üzərində gözlədin ki, xəmir qurusun.
Dərin bir qazana kərə yağı və duru yağı töküb qızdırın. Xırda doğradığınız soğanı yağda qovurun. Üzərinə doğranmış pomidor əlavə edib qarışdırın. Kiçik kub formasında doğradığınız kartofu da əlavə edib qarışdırın (bəzi bölgələrdə kartof əlavə edilmir).Üzərinə su da əlavə edib qaynamağa qoyun. Kartof bişdikdə kəsilmiş xəngəlləri, alça turşusu və istiot əlavə edib 3 dəqiqə qaynadıb ocağın altını söndürün. Ocaqdan götürdüyünüz şorbaya xırda doğranmış keşniş əlavə edib qarışdırın. Bu ləziz şorbanı isti halda sarımsaqlı qatıqla birgə süfrəyə verin.
- Bəzi bölgələrdə su əvəzinə ət bulyonu əlavə edilir.
- Şorbaya bişmiş maş lobya və ya noxud da əlavə edilir.
- Qiymədən küftələr hazırlanıb şorbaya əlavə edilir.
Bəs siz nələr əlavə edirsiniz? Şərh bölməsində bizimlə bölüşə bilərsiniz.
Nuş Olsun!