Azərbaycanda plov süfrələrin şahi hesab edilir. Əsas tərkibi düyüdən ibarət olan plovun bir neçə növü var. Bunlardan biri də döymə döşəmə plovdur. Evdar.az döymə döşəmə plovun reseptini təqdim edir.
Tərkibi:
- 800 qr çəkilmiş qoyun əti
- 1 kq düyü
- 350 qr kərə yağı
- 200 qr soğan
- 300 qr üzüm qurusu
- 1 stəkan bişmiş qaragöz lobya
- 3-4 tel zəfəran
- cirə
- zövqə görə duz, istiot
Hazırlanma qaydası:
İlk öncə bir qabda çəkilmiş qoyun əti, çəkilmiş soğan, cirə, duz və istiot töküb qarışdırın. Hazırladığınız kütlədən böyük kotletlər hazırlayın.
Qaragöz lobyanı gecədən isladıb suda bişirib soyudun. Zəfəranı dəmləyin. Düyünü suda isladıb yuyun. Daha sonra adi qaydada duzlu suda bişirib süzün. Döşəmə plovun qazmağını hazırlamaq üçün bu məqalədəki qazmaq reseptlərindən istifadə edə bilərsiniz. Qazanın dibinə qazmağı yerləşdirin və üzərinə süzülmüş düyüdən bir az tökün. Üzərinə əridilmiş kərə yağı gəzdirin. Daha sonra üzərinə hazırladığınız kotletləri düzüb cirə səpin. Yenidən süzülmüş düyü və kotlet düzün, üzərinə kərə yağı gəzdirib,cirə səpin. Dəmlənmiş zəfəranı da düyünün üzərinə töküb zəif ocaqda dəmə qoyun. Üzüm qurusunu da yuyub əvvəlcə suda, daha sonra yağda bişirin. Bişən döşəmə plovun düyüsünə bişmiş qaragöz lobya və bişmiş üzüm qurusu əlavə edib qarışdırın. Servis edəcəyiniz boşqaba lobyalı, kişmişli düyünü tökün. Üzərinə bişmiş kotletləri və qazmağı da düzüb süfrəyə verə bilərsiniz.
Nuş Olsun!