Novruz Süfrəsinin Dadlı və Faydalı Səməni Halvası

Yields: 1 Serving

Səməni halvası- ən qədim Azərbaycan reseptlərindən biridir. Bu halva ənənəyə görə, doğuşda olan qadına güc və qüvvət vermək üçün hazırlanırdı. Toyda, uşaq dünyaya gələndə qonşulara və qohumlara hədiyyə edilir. Və təbii ki, Novruz bayramı süfrəsini bəzəyən əsas şirniyyatlardan biridir.

Bu halvanı hazırlamaq üçün təxminən iki həftə vaxt lazımdır: seçilmiş buğda dənələri lazımi uzunluğa qədər cücərir. Tərkibində həm kalsium, həm kalium, həm xrom, həm mis, həm silikon, həm selen, həm sink, həm dəmir, həm yod, həm də B5, E, C, D, P vitaminləri və fol turşusu var.

Evdar.az Azərbaycan mətbəxinin qədim milli şirniyyatı səməni halvasının reseptini təqdim edir.

Tərkibi:

  • 0,5 kq buğda(arıtlanmış)
  • 1 litr səməni suyu
  • 1 kq.un (yarısı qara un ,yarısı ağ un)
  • 250-300 qr.kərə yağı
  • 1 stəkan doğranmış qoz
  • 1 stəkan doşab (tut və ya üzüm)
  • 1 çay qaşığı sarıkök
  • 1,5 çay qaşığı çirə
  • 2 çay qaşığı razyana
  • 1 çay qaşığı istiot
  • 1-2 çimdik duz
  • 1,5 çay qaşığı darçın
  • 1 çay qaşığı zəncəfil
  • 1,5 çay qaşığı mixək
  • 1 xörək qaşığı hil.

Şərbət üçün:

  • 2 stəkan şəkər tozu
  • 1,5 stəkan su
  • 1-2 dilim limon suyu

Hazırlanma qaydası:

Halvanı hazırlamaq üçün ilk öncə buğdanı artılayıb 3 gün suda saxlayın. Suyu süzüb 1 barmaq qalınlığında siniyə sərin. Səhər-axşam üzərinə su çiləyin (çalışın qabın altında çox su qalmasın, sadəcə nəmli qalsın, yoxsa xarab olacaq). 2-3 gün üzərinə nəmli dəsmal sərin. Mütləq sərin və qaranlıq yerdə saxlayın. 1 həftəyə artıq yaşıllaşmağa başladıqda, təxminən 3-4 sm cücərdikdən sonra səməni halva üçün hazırdır deməkdir (çox cücərtmək olmaz, yoxsa acı olar).

Cücərmiş səmənini hissələrə ayırıb ət maşınından keçirin. Bir qabda ət maşınından keçirilmiş səməninin üzərinə təxminən 2-2,5 stəkan adi su qarıb qarışdırıb suyunu çıxarın. Təmiz bir tənzifin arasında yaxşıca sıxaraq suyunu bir qaba süzüb cecəsini atın. Dərin bir qaba ağ və qara un, duz və səməni suyunu töküb boş xəmir yoğurun. Qızdırılmış tavaya yağ əlavə edib xəmirin yarısını və sarıkök əlavə edib qızardın. (tavanız böyükdürsə xəmirin hamısını qızarda bilərsiniz). Halvanı ayrı bir qaba boşaldın. Üzərinə  üyüdülmüş ədviyyatları, xırdalanmış qoz, doşab və ya şərbət əlavə edib yaxşıca qarışdırın. İstədiyiniz formada hazırlayıb süfərəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir