Milli mətbəximizin ən məşhur şirniyyatlarından Badambura (badamlı borucuq) Novruz süfrələrinin bəzəyidir. Evdar.az kövrək və dadlı badambura reseptini təqdim edir.
Xəmiri üçün:
- 900 qr un
- 3 ədəd yumurta
- 200 q kərə yağı
- 2 xörək qaşığı xama
- 1 çay qaşığı quru maya
- apardığı qədər süd
İçlik üçün:
- 500 qr badam ləpəsi
- 500 qr şəkər tozu
- 1/4 çay qaşığı hil
Yağlamaq üçün:
- 400-450 q əridilmiş kərə yağı
Hazırlanma qaydası:
İlk öncə südü bir qaba töküb isidin. Kərə yağını da əridin. Mayanı ilıq süddə qarışdırıb 5-10 dəqiqə kənarda mayalandırın. Unun orta hissəsinə yumurta, mayalı südü, yağı və xamanı əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri 2 saatlıq mayalanmağa qoyun.
İçliyi hazırlamaq üçün təmizlənmiş badam ləpəsini tavada azca qovurun. Soyuyan ləpəni qoz çəkən maşından keçirin. Çəkilmiş badama şəkər tozu və hil əlavə edib qarışdırın.
Xəmirdən 10 ədəd kündələr hazırlayın. Kündənin birini götürüb un səpib oxlov ilə nazik yuxa yayın. Yuxanı əlinizlə dartıb böyüdün və yağlayın. Bu qayda ilə bütün kündələri yayıb yağlayın. Yağlanmış və üst- üstə yığılmış yuxaları rulet formasında bükün. Bükdüyünüz yuxaları 3 sm enində kəsin. Kəsilmiş bir lenti götürüb əlinizlə içini oval formada açın. İçərisinə 2 çay qaşığı içlikdən qoyub bükün. Bükülən tərəfi aşağıda olmaqla yağlı kağız sərilmiş soba sinisinə düzün. Eyni qayda ilə hamısını hazırlayın. Qurumasın deyə üzərinə sellofan çəkin. Badamburaları əvvəlcədən 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişirərkən badamburaların üzü qızarmamalıdır, ağ qalmalıdır. Bişmiş badamburaların üzərinə pudra şəkəri səpib, süfrəyə verin.
Nuş Olsun!