Category: Toyuq Yeməkləri
Yields:
1 Serving
Yağlılığı ilə toyuq və hinduşkadan bir neçə dəfə çox olan, tərkibində kalsium, kalium, B qrup və A vitaminləri ilə zəngin olan ördək ətindən çox ləziz yemək hazırlaya bilərsiniz. Evdar.az ördək ətindən nar-şabalıd qovurmasının reseptini təqdim edir.
Ördək Ətindən Nar-Şabalıd Qovurmasının tərkibi:
- ördək əti
- soğan
- kərə yağı
- duz, istiot, sarıkök
- nar dənələri
- təmizlənmiş, bişmiş şabalıd
Ördək Ətindən Nar-Şabalıd Qovurmasının hazırlanma qaydası:
İlk öncə ördək ətini suda yaxşıca yumşalana qədər bişirin. Bişmiş ətin suyunu kənara ayırın. Kərə yağını qazanda əridib bişmiş ördək ətini yağda qızardın. Qızaran ətləri qazandan götürüb başqa qaba yığıb kənara qoyun. Həmin tavada yarım halqa doğranmış soğanları da qovurub üzərinə duz, istiot və sarıkök əlavə edib qarışdırın. Daha sonra nar dənələri, təmizlənmiş bişmiş şabalıd və qızartdığınız ördək ətlərini də əlavə edib qarışdırın. Üzərinə kənara ayırdığınız ət suyundan əlavə edib qazanın qapağını örtün. Yeməyi vam odda yağa düşənə qədər bişirin. Zövqə görə yeməyi süfrəyə verəndə üzərinə nar dənəsi səpə bilərsiniz. Ördək qovurmasını adi üsulla süzdüyünüz plovla süfrəyə verin.
Nuş Olsun!