Çin kələmində hər hansı digər tərəvəz çeşidindən daha çox C vitamini var. Və bu yeganə faydalı element deyil: tərkibində A, B, E, K vitaminləri, həmçinin mis, fosfor, dəmir, maqnezium, kalium, sink və yod var. Kələm qocalma prosesini ləngidir, şişkinlik və qırışlarla mübarizə aparır. Eyni zamanda, 100 qr Çin kələmində yalnız 12 kalori var. Və bu lif mədə-bağırsaq traktına kömək edir, tez doyurur və uzun müddət aclıq hissini saxlayır. Pəhriz siyahılarında da əvəzolunmaz yeri olan Çin kələmi və yerköküylə vitaminli salat hazırlaya bilərsiniz. Evdar.az pəhrizdə olanlar üçün vitaminli salatın reseptini təqdim edir.
Pəhrizdə Olanlar Üçün “Vitamin Bombası” Salatının tərkibi:
- 300 qr Çin (Pekin) kələmi
- 1 ədəd iri yerkökü
- 4 budaq cəfəri
- 1 xörək qaşığı limon suyu
- 2 xörək qaşığı zeytun yağı
- duz,istiot zövqə görə
Pəhrizdə Olanlar Üçün “Vitamin Bombası” Salatının hazırlanma qaydası:
İlk öncə pekin kələmini yuyub və üst yarpaqlarını soyun. Daha sonra kələmi nazik zolaqlar şəklində doğrayın.Yerkökünü də soyub sürtgəcdən keçirin. Cəfərini yuyub suyunu süzün və xırda doğrayın. Dərin bir qaba doğranmış pekin kələmi, limon suyu və duz töküb qarışdırın. Üzərinə sürtgəcdən keçirilmiş yerkökü, xırda doğranmış cəfəri, zeytun yağı və istiot əlavə edib yaxşıca qarışdırın. Salat hazırdır!
Nuş Olsun!