Pəhrizdə Olanlar Üçün Azkalorili Kələm Dolması

Pehrizde Olanlar Ucun Azkalorili Kelem Dolması
Yields: 1 Serving

Pəhrizdə olan və qidalanmasına nəzarət edən insanlar menyularına müxtəliflik əlavə etmək istəyirlər. Artıq bir çox yeməklər pəhrizlərə uyğunlaşdırılıb. Həmçinin dolmalar da az yağlı və ya yağsız, aşağı kalorili olması üçün hazırlanır. Evdar.az pəhrizdə olanlar üçün dadlı və azkalorili kələm dolmasının reseptini təqdim edir.

Azkalorili kələm dolmasının tərkibi:

  • 1 ədəd orta ölçülü kələm
  • 450 qr toyuq filesi
  • 60 qr buğra yarması
  • 2 ədəd soğan
  • 1 diş sarımsaq
  • 1 ədəd yerkökü
  • 1,5 xörək qaşığı tomat pastası
  • zövqə görə duz, istiot,
  • bir neçə budaq göyərti

Azkalorili kələm dolmasının hazırlanma qaydası:

İlk öncə toyuq filesini, təmizlənmiş 1 ədəd soğan və sarımsağı ətçəkən maşından keçirin. Bir qabda qiymə, soğan və sarımsaq, yuyulmuş buğda yarması, zövqə görə ədviyyatları əlavə edib qarışdırın. İkinci soğanı yarımhalqa doğrayın. Yerkökünü sürtgəcin iri gözündən keçirin. Rəndələnmiş yerkökünün yarısını qiyməyə əlavə edib qarışdırın. Kələm yarpaqlarını suda yarım bişmiş hala gələnə qədər qaynadın (və ya mikrodalğalı sobada yumşalana qədər saxlayın). Yarpaqların qalın hissələrini bıçaqla kəsib ayırın.

Dolmanı bişirəcəyiniz qazana 1 stəkan su əlavə edib ocağa qoyun. Üzərinə yarımhalqa doğranmış soğan və sürtgəcdən keçirilmiş yerkökü əlavə edib 5 dəqiqə qaynadın. Yumşalan soğan və yerkökünün üzərinə tomat pastası, duz və istiot əlavə edib qarışdırın. Sousu bir neçə dəqiqə qovurub ocağın altını söndürün.

Bişmiş kələm yarpaqlarına hazırladığınız qiymədən doldurub dolmalar bükün. Bükülmüş dolmaları sousun üzərinə yerləşdirin. Qazana yarım stəkan su əlavə edib qapağını örtüb bişirin. Bişən dolmaları süfrəyə verdikdə üzərinə doğranmış göyərti səpib qatıq və ya xama ilə birlikdə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir