Brizol – Fransız mətbəxinin ən dadlı yeməklərindən biridir. İki qatlı, alt hissəsi yumurtalı, üst hissəsi qiyməli yemək pəhrizdə olanlar üçün idealdır. Evdar.az hazırlanması çox vaxt aparmayan ləziz qiyməli “Brizol” yeməyinin reseptini təqdim edir.
Dietik Yemək “Brizol”un tərkibi:
- 1 kq qiymə
- 1 ədəd soğan
- 9 ədəd yumurta
- duz
- istiot
- 2-3 ədəd xiyar
- üzəri üçün mayonez və ketçup
- göyərti
Dietik Yemək “Brizol”un hazırlanma qaydası:
İlk öncə soğanı xırda kub şəklində doğrayın. Bir qaba qiyməni və soğanı tökün. Üzərinə duz və istiotu töküb yaxşıca qarışdırın. Daha sonra ət qarışığını ətçəkən maşından keçirin. Hazır kütlədən götürüb əlinizlə iri küftəciklər hazırlayın. Dəzgahın üzərinə streç salafan sərin və üzərinə 1 küftəciyi yerləşdirin. Üzərinə yenə streç salafan keçirib oxlovla üstündən basaraq yüngülcə yayın. Bir qabda yumurtaları tel çırpıcıyla çırpın. Çırpılmış yumurtadan bir qaşıq düz stəhli boşqaba tökün. Yumutanın üzərinə yaydığınız qiyməni qoyun. Tavanı qızdırıb yağlayın. Yumurtaya bulanmış əti tavaya yerləşdirin. İki tərəfli (omlet bişirdiyiniz kimi) zəif ocaqda çevirərək bişirin. Bişən brizolun üzərinə çubuq şəklində doğradığınız xiyarları düzüb rulet şəklində bükün. Üzərini mayonez və ketçupla bəzəyin. Süfrəyə verdikdə yanına göyərtiylə verə bilərsiniz.
Nuş Olsun!