Qarabağın hər bir bölgəsinin özünəməxsus təamları var. Qarabağ mətbəxinin tərkib hissəsi olan Şuşa mətbəxi də öz zənginliyi ilə seçilir. Bu ləziz təamlardan biri də qədim Şuşa yeməyi “Canına çəkmə”dir. Bu yemək əsasən soyuq aylarda bişirilir. Evdar.az “canına çəkmə” yeməyinin reseptini təqdim edir.
Qədim Şuşa Yeməyi -“Canına Çəkmə”nin tərkibi:
- 500 qr sümüksüz qoyun əti ( bud hissəsi)
- 200 qr bişmiş noxud
- 300 qr yumru düyü
- 30 qr zoğal dənələri və zoğal axtası
- duz, istiot
Qədim Şuşa Yeməyi -“Canına Çəkmə”nin hazırlanma qaydası:
İlk öncə əti iri kub formasında doğrayın. Yağsız tavada əti qovurun (kəfi çıxsın deyə). Daha sonra yağ əlavə edib qovurmağa davam edin. Üzərinə çıxacaq qədər su töküb əti bişməyə qoyun. Ət bişməyə az qalmış (içərisində su qaldıqda) üzərinə bişmiş noxud əlavə edib noxudla birlikdə bişirin. Zövqə görə duz, istiot əlavə edib qazanın qapağını örtüb bişirməyə davam edin. Üzərinə yuyulub süzülmüş yumru düyü əlavə edib vam odda dəmə qoyun. Suyu çəkilib yağa düşənə qədər bişirdikdən sonra yeməyə zoğal axtası əlavə edib qarışdırın. Üzərinə zoğal dənələri də əlavə edib yeməyin suyu çəkilənə qədər bişirib ocaqdan götürün. Hazır yeməyi isti halda süfrəyə verin.
Nuş Olsun!