Fərqli mətbəxlərin damaq dadımıza ən uyğun ləzzətlərindən biri də Özbək samsadır. Evdar.az dadlı, qatlı və doyurucu samsa reseptini təqdim edir.
Qat-Qat Samsanın tərkibi:
Xəmir üçün:
- 4 stəkan un
- 1 ədəd yumurta
- 1 stəkan isti su
- 50 qr kərə yağı
- 0,5 çay qaşığı duz
- 100-150 qr kərə yağı (qatları yağlamaq üçün)
İçlik üçün:
- 600-700 qr yağlı qoyun əti
- 2 ədəd soğan
- duz, istiot
Üzəri üçün:
- 1 xörək qaşığı süd
- yumurta sarısı
- qara zirə-zövqə görə
Qat-Qat Samsanın hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün yoğurma qabına yumurtanı sındırıb çırpın. Üzərinə ərinmiş kərə yağı, duz,isti su töküb qarışdırın. Unu az-az ələyərək xəmir yoğurun. Xəmir hamar və elastik olmalıdır. Dəzgahıın üzərinə qoyub xəmiri 3 kündəyə ayırın. Kündələri salafana keçirib 30-40 dəqiqə dəzgahın üstündə saxlayın. Kündənin birini nişastayla 2 mm enində düzbucaqlı formada yayın. Eyni şəkildə qalan kündələri də düzbucaqlı formada yayın. Yaydığınız kündələri yağlayıb bir az yağın donmasını gözləyin. Daha sonra yağlanmış yuxaları üst-üstə yerləşdirin. Üst-üstə düzdüyünüz xəmiri rulet şəkli verərək möhkəm bükün. Xəmiri orta hissəsindən iti bir bıçaqla 1.5 sm qalınlığında kəsin və 15-20 dəqiqəlik dondurucuya yerləşdirin.
Soyuducudan götürdüyünüz xəmirdən kəsdiyiniz dilimləri kiçik dairə böyüklüyündə yayın.
İçlik üçün çəkilmiş qoyun ətinə xırda doğranmış soğan,duz və istiot vurub qarışdırın. Yaydığınız xəmirə 1 xörək qaşığı içlik qoyun.
İçliklə doldurulmuş xəmiri üçbucaq formada bükün.
Eyni qaydayla bütün xəmirləri doldurub bükün. Samsaları yağlı kağız sərilmiş soba sinisinə düzüb üzərinə çırpılmış yumurta sarısı və süd qarışığını yaxın. Üzərinə qara zirə səpib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Nuş Olsun!