Azərbaycanda balıqla hazırlanan bir çox plov reseptləri var. Ancaq dəniz məhsullarından hazırlanan Şah plov o qədər də geniş yayılmayıb. Özbəkistanda plov somon balığı ilə, Hindistanda istənilən ağ ətli balıqla (surmai, hind lososu və s.), qara dəniz sahillərində plov yerli midya və rapana ilə hazırlanır. Azərbaycanda isə nərə, xəşəm və sazan balığı ilə hazırlanır.
Süfrələrin şahı Şah plovu dəniz məhsuluyla hazırlayıb qonaqlarınızı heyran edə bilərsiniz. Evdar.az dəniz məhsuluyla hazırlanan Şah plovun reseptini təqdim edir.
Qonaqlarınızı Heyran Edəcək Dəniz Məhsullu Şah Plov
Dəniz Məhsullu Şah Plovun tərkibi:
- uzun düyü
- təmizlənmiş balıq (kütüm, sazan, xanı və ya nərə balığı)
- əridilmiş kərə yağı
- duz
- lavaş
- sarıkök
Dəniz Məhsullu Şah Plovun hazırlanma qaydası:
Düyünü soyuq axar suyun altında yaxşıca yuyun və 1 saatlıq duzlu suda isladın. İlk öncə isladılmış düyünü qaynayan duzlu suda yarıbişmiş halda bişirib süzün. Süzülmüş düyüyə sarıkök əlavə edib qarışdırın. Təmizlənmiş balığı dilimləyib duzlayın. Şah plovu bişirəcəyiniz qazana və ya qəlibə yağlanmış lavaşı düzün. İlk öncə süzülmüş düyünü bir qat tökün. Üzərinə duzlanmış balıq tikələrini düzüb yenidən düyü qatını səpin. Bu qaydayla düyü və balığı qatlarla düzüb üzərinə əridilmiş kərə yağı gəzdirin. Plovu yağlanmış lavaşla örtüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada lavaş qızarana qədər bişirin. Şah plovu qəlibdən çıxarıb isti halda süfrəyə verin.
Şah plovu bu qaydayla balıq əvəzinə dəniz məhsullarından krevetka və midya düzüb bişirə bilərsiniz.
Nuş Olsun!