Xanlıq – Qubadlı rayonunun ən böyük kəndidir. Qubadlı mətbəxinin bir çox dadlı yeməkləri var. Bunlardan biri də noxudlu, maş lobyalı Xanlıq plovudur. Evdar.az dadlı Xanlıq plovunun reseptini təqdim edir.
Tərkibi:
- 2,5 stəkan uzun düyü
- 150 qr maş lobya
- 150 qr noxud
- 150 qr üzüm qurusu
- 1 ədəd kənd toyuğu
- 2 ədəd soğan
- 1 armudu stəkan zoğal qurusu
- zövqə görə duz
- 1 çay qaşığı istiot
- yarım çay qaşığı sarıkök
- zövqə görə zəfəran
- 200-250 qr kərə yağı
Hazırlanma qaydası:
İlk öncə toyuğu doğrayıb bişirin. Xırda doğranmış soğanın üzərinə duz əlavə edib qarışdırın. Suyu çıxması üçün bir neçə dəqiqəlik kənara qoyun. Suyu çıxan doğranmış soğanı əlinizlə yaxşıca sıxıb başqa boşqaba qoyun. Suyu sıxılmış soğanın üzərinə duz, istiot və zoğal qurusu əlavə edib qarışdırın. Daha sonra bişmiş toyuğun tikələrini bu zoğallı soğana yaxşıca bulayın. Qabın üzərinə streç salafan keçirib 1-2 saatlıq kənara qoyun.
Düyünü 1 saat əvvəlcədən suda isladın. Noxudu və maş lobyanı suda bişirin. Üzümü qurusunu yuyub süzün. Bişmiş noxudların qabığını soyub ikiyə ayırın. Suda isladılmış düyünü duzlu suda bişirib süzün. Zəfəranı da armudu stəkanda dəmləyin. Aşı bişiricəyiniz qabın dibinə yağ tökün. Daha sonra tikə ətləri də qazanın dibinə düzün. Ətlərin üzərindən düyünün yarısını tökün. Düyünün üzərinə bişmiş noxudun, maş lobyanın və üzüm qurusunun yarısını tökün və sarıkök səpin. Qalan düyünün yarısını da əlavə edin. Noxudu, maş lobyanı və üzüm qurusunu da səpib yayın. Ən sonda düyüylə üzərini örtün. Sarıkök və dəmlənmiş zəfəran səpin. Kərə yağı da əlavə edib qazann qapağını (dəsmala keçirilmiş) örtün. Plovu 1 saatlıq dəmə qoyun.
Nuş Olsun!