Küftəli dovğa- dadlı, ləzzətli və özünəməxsus yeməkləri ilə seçilən Şəki mətbəxinin daha bir təamıdır. Evdar.az Şəki mətbəxinin ləziz dovğasının reseptini təqdim edir.
Küftəli Dovğa Şorbasının tərkibi:
- 1 balon qatıq
- 2 ədəd yumurta
- 1 xörək qaşığı un
- 60 qr düyü
- 1 xörək qaşığı mayonez
- 1 stəkan bişmiş noxud
- 2 dəstə keşniş
- 2 dəstə şüyüd
- 1 dəstə kəvər
- 1 dəstə nanə
- 1 dəstə dağ keşnişi
- 2 dəstə ispanaq
- bir neçə budaq tərxun
Küftəsi üçün:
- 200 qr yağsız mal əti
- 1 ədəd soğan
- zövqə görə duz, istiot
Küftəli Dovğa Şorbasının hazırlanma qaydası:
İlk öncə küftəni hazırlamaq üçün qiymənin üzərinə soğan çəkib əlavə edin. Zövqə görə duz, istiot əlavə edib qarışdırın. Hazırladığınız qiymədən əlinizi isladaraq kiçik küftələr hazırlayın. Düyünü suda isladın. Göyərtiləri yaxşıca yuyub süzün. Daha sonra xırda doğrayın. Qazana qatıq, yumurta, un və mayonez əlavə edib tel çırpıcı, mikser və ya blenderlə yaxşıca çırpın. Üzərinə düyü və 1 litr qaynar su əlavə edib ocağa qoyub qaynayana qədər qarışdırın. Qaynayan dovğaya hazırladığınız küftələri əlavə edib 10 dəqiqə qaynadın. Doğradığınız göyərtini və noxudu da dovğaya əlavə edib qarışdırın. 2-3 dəqiqə bişdikdən sonra ocağı söndürün. Ocaqdan götürdüyünüz dovğaya 10 dəqiqə sonra zövqə görə duzunu da əlavə edib qarışdırın. Küftəli dovğanı kasalara töküb süfrəyə verə bilərsiniz.
Nuş Olsun!