Pizza dünyanın ən məşhur yeməklərindən biridir. Qlütenə qarşı həssaslığı olan və ümumilikdə sağlamlığını düşünən qlütensiz bir çox insan sevimli yeməklərindən imtina etmək məcburiyyətində qalırlar. Qlütensiz pəhrizdə pizza yeməkdən imtina etmək lazım deyil: buğda xəmirini qlütensiz xəmirlə əvəz etmək kifayətdir. Qlütensiz və Orqanik Məhsulları Mağazası iBio.az-a daxil olaraq ən keyfiyyətli və orqanik məhsulları endirimlə əldə edə bilərsiniz. Evdar.az sağlam qidalananlar üçün qlütensiz pizzanın reseptini təqdim edir.
Sağlam Qidalananlar Üçün Qlütensiz Pizzanın tərkibi:
Xəmiri üçün:
- 125 ml isti su
- 0,25 çay qaşığı duz
- 0,75 çay qaşığı quru maya
- 0,75 çay qaşığı şəkər tozu
- 1 xörək qaşığı zeytun yağı
- 100 qr “iBio”nun düyü unu
- 50 qr “iBio”nun qarğıdalı unu
Üzəri üçün:
- 90 qr toyuq filesi
- 80 qr pomidor
- 45 qr bolqar bibəri
- 1,5 xörək qaşığı tomat sousu
- 1 xörək qaşığı zeytun yağı
- 0,5 çay qaşığı reyhan qurusu
- 100 qr mozarella pendiri
- duz
Sağlam Qidalananlar Üçün Qlütensiz Pizzanın hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün 50 ml isti suya maya və şəkər tozunu töküb həll edin. Qarışığı 10-15 dəqiqə kənarda saxlayın ki, maya aktivləşsin. Düyü və qarğıdalı ununu qarışdırıb ələkdən keçirin. Tərkibində qlüten olmayan un (amarant, soya, noxud, qarabaşaq yarması) götürə bilərsiniz. Suyun qalan hissəsində duzu həll edib maya qarışığına əlavə edin. Zeytun yağını da əlavə edib qarışdırın. Dərin bir qaba ələnmiş un və maya qarışığını töküb əvvəlcə qaşıqla qarışdırın, sonra əlinizlə xəmir yoğurun. Yumşaq, bir az ələ yapışan xəmir yoğurub streç salafanla örtün və mayalanması üçün 30 dəqiqə otaq temperaturunda saxlayın.
Üzəri üçün qlütensiz istənilən məhsuldan istifadə edə bilərsiniz. Mozzarella pendirini parmesan, çedar və ya feta ilə əvəz edə bilərsiniz. Zeytun yağı əvəzinə hər hansı bir qoxusuz bitki yağı istifadə edə bilərsiniz. Toyuq filesini duzlu suda bişirib soyudun. Yağlı kağızı yağlayıb xəmirdən təxminən 0,5 sm qalınlığında yuvarlaq bir baza hazırlayın. Xəmir elastik olmadığı üçün oxlovla yox, əlinizlə daha rahat yaya bilərsiniz. Pizza xəmirinin üzərini zeytun yağı ilə yağlayın. Daha sonra üzərinə pomidor sousunu yaxıb reyhan qurusu səpin. İstədiyiniz ədviyyatlardan istifadə edə bilərsiniz. Toyuq filesini kiçik hissələrə bölüb xəmirin üzərinə bərabər şəkildə yayın. Pomidorları dilimləyib toyuq filesinin üzərinə düzün. Bolqar bibərini də doğrayıb düzün. Sürtgəcdən keçirilmiş pendiri də pizzanın üstünə səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə qızılı rəng alana qədər bişirin.
Nuş Olsun!