Şirniyyat yeməyi sevirsiniz, eyni zamanda arzuolunmaz çəkiyə görə özünüzü bu həzzdən məhrum edirsiniz? Sağlam qidalananlar xoş dadı və ətri olan, həm də sağlam desertlərdən biri olan qozlu aypara peçenyesini hazırlaya bilər. Evdar.az qozlu aypara peçenyesinin reseptini təqdim edir.
Qozlu Aypara Peçenyesinin tərkibi:
- 70 ml zeytun yağı (və ya kokos yağı, kərə yağı)
- 180 qr tam buğda unu
- 70 ml su
- 1/2 çay qaşığı qabartma tozu
- 100 qr qoz ləpəsi
- zövqə görə dadlandırıcı (bal, topinambur)
Qozlu Aypara Peçenyesinin hazırlanma qaydası:
İlk öncə suya yağ əlavə edin (əgər kokos yağı əlavə etsəniz mütləq əridilməlidir). Üzərinə ələnmiş un və qabartma tozu əlavə edib xəmir yoğurun. Xəmiri kənarda yarım saat dincəldin.
İçliyi hazırlamaq üçün qoz ləpəsinin üzərinə zövqə görə dadlandırıcı əlavə edib mətbəx robotuyla xırdalayın. Dincələn xəmiri dəzgahın üzərində yayıb dairəvi qəliblə və ya stəkanın ağız hissəsiylə dairələr kəsin. Dairələri azca yayıb içərisinə içlik qoyub aypara şəklində bükün. Bu qaydayla xəmirləri içliklə doldurub bükün. Aypara şəklində bükülmüş xəmirləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişən peçenyeləri isti çay və ya qəhvənin yanında süfrəyə verin.
Nuş Olsun!