Vinegret (Vinaigrette) ən qədim fransız souslarından biridir. Fransızca sirkə mənasını verən “vinaigre” sözündən götürülmüş bu söz (vinaigrette) adından da göründüyü kimi sirkə və bir növ yağ qarışdırılaraq hazırlanan sousları təsvir edir.
Bu ləziz sousu təzə tərəvəzlərdən hazırlanan müxtəlif salatlarda, balıq və ət yeməkləri, dəniz məhsullarıyla hazırlanan qəlyanaltılarda istifadə edə bilərsiniz. Evdar.az sadə, lakin çox dadlı sousun reseptini təqdim edir.
Salatları Ləzzətə Gətirən “Vinegret” Sousun tərkibi:
- 2 xörək qaşığı sirkə
- 3 xörək qaşığı zeytun yağı
- ½ çay qaşığı duz
- ½ çay qaşığı istiot
- 1 çay qaşığı xardal
Salatları Ləzzətə Gətirən “Vinegret” Sousun hazırlanma qaydası:
Bir qaba sirkə, zeytun yağı, duz, istiot və xardal töküb çəngəllə yaxşıca qarışdırın. Hazırladığınız sousu salatın üzərinə tökün. Qalan sousu da qapağı bağlı şəkildə 3 gün soyuducuda saxlaya bilərsiniz.
Bu reseptə əlavə olaraq 1-2 xörək qaşığı mayonez və ya qatıq əlavə edərək qaymaqlı sous əldə edə bilərsiniz. Qəlyanaltılar üçün əla sous variantı olacaq.
Bundan əlavə orijinal reseptə 1 xörək qaşığı bal, 2 xörək qaşığı təzə reyhan və 1 diş sarımsaq əlavə etməklə fərqli vinegret sousu əldə edə bilərsiniz. Bu sousu salat və yeməklərdə də istifadə edə bilərsiniz.
Nuş Olsun!