14 fevral-Sevgililər günündə romantik şam yeməyi üçün öz əllərinizlə zərif rulet hazırlaya bilərsiniz. Evdar.az çay süfrəsi üçün zərif qaymaqlı və giləmeyvəli ruletin reseptini təqdim edir.
Sevgililər Üçün Ürək Naxışlı Zərif Ruletin tərkibi:
Naxış üçün:
- 30 qr şəkər kirşanı
- 30 qr un
- 1 ədəd yumurta ağı
- 30 qr yumşaq kərə yağı
- bir neçə damcı qırmızı qida boyası
Biskviti üçün:
- 3 ədəd yumurta sarısı
- 75 qr şəkər tozu
- 1 çay qaşığı vanil
- 40 ml su
- 45 ml bitki yağı
- 80 qr un
- 0,5 çay qaşığı qabartma tozu
İçlik üçün:
- 100 qr çiyələk
- 1 xörək qaşığı şəkər tozu
- 1 xörək qaşığı qarğıdalı nişastası
Kremi üçün:
- 350 qr 35% yağlılığı qaymaq
- 250qr kəsmikli pendir
- 80 qr şəkər kirşanı
Sevgililər Üçün Ürək Naxışlı Zərif Ruletin hazırlanma qaydası:
Naxışı hazırlamaq üçün kiçik bir qabda yumurta ağı, şəkər tozu, un, kərə yağı və bir neçə damcı qırmızı qida boyasını yaxşıca qarışdırın. Trafareti əvvəlcədən çap edib üzərinə yağlı kağız sərib soba sinisinə yerləşdirin. Konditer torbasına xəmiri töküb üzərinə yağlı kağız sərilmiş trafatlərin naxışlarının üzərinə ürək formaları çəkin. Ürək naxışını bərkiməsi üçün soba sinisiylə birgə (kağız trafareti ehtiyyatla çıxarıb) soyuducuya yerləşdirin.
Biskviti hazırlamaq üçün bir qabda yumurta sarısı, şəkər tozunun yarısını və vanili mikserlə yaxşıca çırpın. Çırpmağa davam edərək suyu və bitki yağını az-az əlavə edin. Ələnmiş un və qabartma tozunu da əlavə edib xəmiri mikserlə 5 dəqiqə çırpın. Başqa bir qabda yumurta ağını qalan şəkər tozuyla birlikdə mikserlə çırpın. Çırpılmış yumurta ağını hissə-hissə əxmirə əlavə edin və kütlənin çökməməsi üçün bir spatula və ya taxta qaşıqla ehtiyyatla qarışdırın. Soyuducudan ürəklər olan sinini çıxarın və biskvit xəmirini töküb spatula ilə yayın. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Bişən biskviti sobadan götürüb təmiz yağlı kağızın üzərinə ürək naxışları altda qalacaq şəkildəyerləşdirin və rulet formasında büküb tamamilə soyuyana qədər kənarda saxlayın.
İçliyi hazırlamaq üçün nişastanı suda həll edin. Təzə və ya dondurulmuş çiyələklərin(istənilən giləmeyvə istifadə edə bilərsiniz) üzərinə şəkər tozu töküb blenderlə püre halına gələnə əzin. Çiyələk püresini qızdırın, nişasta və su qarışığı əlavə edib qatılaşana qədər bişirin. İçliyi konditer torbasına töküb tamamilə soyuması üçün kənara qoyun.
Kremi hazırlamaq üçün bir qabda otaq temperaturunda olan kəsmik, qaymaq və şəkər tozunu mikserlə yaxşıca çırpın. Kremi konditer torbasına tökün.
Soyuyan ruleti açın və üzərinə ilk öncə konditer torbasında olan kremi sıxaraq hər tərəfinə yaxın və üzərinə içliyi də əlavə edin. Ruleti ehtiyyatla yuvarlayaraq bükün və 30 dəqiqə soyuducuya saxlayın.
Ürək naxışları olan trafareti buradan yükləyə bilərsiniz.
Nuş Olsun!