Sobası Olmayanlar Üçün Qazan Qapağında Özbək Çörəyi

Yields: 1 Serving

Dadlı özbək çörəyini ev şəraitində boş qazanda, qazan qapağında bişirə bilərsiniz. Evində sobası olmayan bu üsuldan faydalana bilər. Evdar.az sobası olmayanlar üçün qazan qapağında çörəyin reseptini təqdim edir

Tərkibi:

  • 1 kq un
  • 10 qr maya
  • 20 qr duru yağ
  • apardığı qədər isti su
  • duz

Hazırlanma qaydası:

Bir qabda unun üzərinə duz, maya və duru yağ töküb qarışdırın. Apardığı qədər su əlavə edib bərk xəmir yoğurun. Xəmirin üzərinə streç salafan örtüb mayalanması üçün isti yerə qoyun. Mayalanan xəmiri üç hissəyə bölüb kündələyin. Kündələrin üzərini örtüb 10 dəqiqə dinləndirin. Qalın qazanı və ya tavanı ocağa qoyub isidin. Boş qazan qızdıqda qaralmasın deyə içərisinə duz səpə bilərsiniz. Ocağın başqa bir gözündə qazanın qapağını isidin. Kündənin birini dəzgahın üzərinə qoyub, yumruğunuzla orta hissəsindən basın ki, kənarları nisbətən çuxur forması alsın. Xəmirin alt hissəsinə su ( və ya yumurta ağı) vurub qaynar qazan qapağına yerləşdirin. Qapağın üzərində xəmirə forma verin və orta hissəsini naxışlı “çəkic”lə, çəngəllə və ya ətdöyənlə bəzəyin. Xəmirin kənarlarına və orta hissəsinə yumurta sarısı yaxın. Orta hissəsinə çörəkotu səpib qazanın qapağını qazanın üzərinə çevirin (yəni örtün). Bu qaydayla çörək bişənədək arabir qapağı qaldırıb baxa bilərsiniz. 15-20 dəqiqə bişib üzəri qızaran çörəyi qapaqdan çıxara bilərsiniz. Qalan kündələri də bu qaydayla hazırlayıb bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir