Sovet dövründən bəri ən məşhur tort. Üç fərqli korjlarla hazırlanan “Nataşa” tortu indi də aktuallığını itirmir. Nisbətən bahalı deyil, sadə məhsullardan hazırlanır. Hətta ən təcrübəsiz evdar qadınlar belə bu tortu asanlıqla hazırlaya bilər. Evdar.az dadlı Nataşa tortunun reseptini təqdim edir.
Tərkibi:
Korjlar üçün:
- 3 ədəd yumurta
- 300 qr xama
- 300 qr un
- 300 qr şəkər tozu
- 1,5 çay qaşığı soda
- 0,3 çay qaşığı duz
- 0,5 stəkan (200 ml) xaş-xaş toxumu
- 0,5 stəkan (200 ml) qoz ləpəsi
- 0,5 stəkan (200 ml) üzüm qurusu
Krem üçün:
- 500 qr xama
- 1 stəkan (200 ml) şəkər tozu
- 1 qr vanil
Üzəri üçün:
- 100 qr qoz ləpəsi
- 200 qr kərə yağı
- 1 banka qatılaşdırılmış süd
- 200 qr çiyələk
Hazırlanma qaydası:
İlk korj üçün 100 qr (0,5 stəkan ) şəkər tozunu 1 ədəd yumurtayla mikserlə yaxşıca çırpın. Üzərinə 100 qr ( 0,5 stəkan) xama, çimdik du və 0,5 çay qaşığı soda töküb qarışdırın. Daha sonra üzərinə 100 qr ( 0, 5 stəkan) ələnmiş un töküb ehtiyyatla qarışdırın. İlk korjun xəmirinə 0,5 stəkan xaş-xaş toxumu əlavə edib qarışdırın. Diametri 24 sm olan dairəvi qəlibə yağlı kağız sərin və xəmiri qəlibə töküb yayın. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
İkinci korju hazırlamaq üçün eyni qaydayla ilk korjun resepti kimi mikserlə yaxşıca çırpın. Üzərinə 0,5 stəkan xırdalanmış qoz ləpəsi əlavə edib qarışdırın. Hazır xəmiri sobada bişirin.
Üçüncü korju da eyni qaydayla hazırlayıb üzərinə 0,5 stəkan üzüm qurusu (azca isti suda isladılmış və suyu sıxılmış ) əlavə edib bişirin. Bişən korjları soyudun.
Kremi hazırlamaq üçün 500 qr yağlı xamanı 1 stəkan şəkər tozuyla yaxşıca çırpın. Üzərinə vanil əlavə edib qarışdırın. Tortun hazırlayacağınız qaba bişib soyuyan korju yerləşdirib üzərinə krem yaxın. Bu qaydayla korjları kremləyib üst-üstə düzün. Tortu 8 saatlıq ( və ya 1 gecəlik) soyuducuya yerləşdirin.
Tortun üzəri üçün bir qabda otaq temperaturunda yumşaldılmış 200 qr kərə yağını mikserin yüksək sürətiylə 5 dəqiqə çırpın. Üzərinə az-az qatışladırılmış südü əlavə edib çırpmağa davam edin. Hazır kremi konditer torbasına doldurun. Tortun üzərini kremlə şəkildəki kimi bəzəyə bilərsiniz. Tortun kənarlarına isə xırdalanmış qoz səpə bilərsiniz. Çiyələkləri də tortun üzərinə yerləşdirin. Çiyələk əvəzinə arzu etdiyini başqa giləmeyvələri və ya qoz ləpəsi düzə bilərsiniz. Zövqə görə tortun üzərinə və kənarlarına xamalı krem yaxıb xırdalanmış qozla tortu örtə bilərsiniz.
Nuş Olsun!