Milli mətbəximizin əvəzolunmaz yeməklərindən biri də Əriştə şorbasıdır. Havalar soyuduqda isti şorba içmək daha məsləhətlidir. Evdar.az soyuqdəymənin dərmanı Əriştə şorbasının reseptini təqdim edir.
Tərkibi:
Əriştənin xəmiri üçün:
- 4 stəkan un
- 1 ədəd yumurta
- 1 çay qaşığı duz
- aparana qədər ilıq su
Şorba üçün:
- 1 ədəd soğan
- 1 xörək qaşığı kərə yağı
- 2 litr su
- 1 çay qaşığı sarıkök
- 2 çay qaşığı nanə qurusu
- 0,5 stəkan noxud
- 10-12 ədəd alça turşusu
- duz, istiot
Hazırlanma qaydası:
Noxudu gecədən isladıb səhər bişirin. Noxudu bir gecə islatmadan da ən tez bişirməyin yolunu bu məqalədən oxuya bilərsiniz.
Əriştəni hazırlamaq üçün bir qabda un, yumurta, duz və apardığı qədər su əlavə edərək xəmir yoğurun. Xəmiri kündələyib dəzgahın üzərində un səpərək oxlovla nazik yayın. Yuxanı 3 barmaq enində qatlayın, hər qatladıqda bolluca unlayın. Qatlanmış yuxanı iti bir bıçaqla nazik lentlər formasında kəsin. Hazır əriştələri düz bir qabın içərisinə sərib arabir çevirərək otaq temperaturunda qurudun.
Dərin bir qazanda kərə yağını isidib xırda doğranmış soğanı qovurun. Qovrulmuş soğana duz, istiot, sarıkök əlavə edib 1-2 dəqiqə qovurun. Üzərinə 2 litr qaynar suyu əlavə edin. Qaynayan soğanlı suya bişmiş noxud və alça turşusu əlavə edib 10-15 dəqiqə qaynadın. Əvvəlcədən kəsdiyiniz əriştələri də qaynayan şorbaya əlavə edin və nanə qurusu səpib 15 dəqiqə bişirin. Əriştə şorbasını süfrəyə isti halda verin.
Nuş Olsun!
Sekilde kufte var,onu ne vaxt elave ediirik?
Salam, əziz oxucu! Şəkil şərtidir, resept isə ətsiz əriştə şorbasıdır. Ancaq ətli əriştə şorbası üçün qovrulmuş soğanın üzərinə su töküb qaynadın. Qaynayan suya küftələri əlavə edib bişirin. Sonra duz, istiot, alça turşusu və bişmiş noxudu əlavə edin. Ən sonda əriştəni də əlavə edib bişirib ocaqdan götürün. Üzərinə xırda doğranmış keşniş və ya nanə qurusu töküb süfrəyə verin.