Bu sadə tortun resepti bir qədər məşhur Ballı tortu xatırladır, lakin korjları xırtıldayan, kremi isə fərqli və sufle dadına malikdir. Evdar.az sufle dadında “Paris Kokteyli” tortunun reseptini təqdim edir.
Sufle Dadında “Paris Kokteyli” Tortunun tərkibi:
Korjları üçün:
- 500 qr un
- 150 qr şəkər tozu
- 3 xörək qaşığı bal
- 1 çay qaşığı soda
- 180 ml qaynar su
- 3 xörək qaşığı bitki yağı
Kremi üçün:
- 200 qr kərə yağı
- 600 ml süd
- 150 qr şəkər tozu
- 3 ədəd yumurta
- 2 xörək qaşığı vanil
- 100 qr badam ləpəsi (və ya qoz ləpəsi, fındıq ləpəsi, araxis ləpəsi və s. )
Sufle Dadında “Paris Kokteyli” Tortunun hazırlanma qaydası:
Korjları hazırlamaq üçün dərin bir qazana qaynar su, bal, kərə yağı və bitki yağı əlavə edib qarışdırın. Qazanı ocağa qoyub qaynayana qədər qarışdırın. Ocaqdan götürüb üzərinə ələnmiş un və soda əlavə edib taxta qaşıqla və ya spatulayla qarışdırın. Dəzgahın üzərinə un səpin. Xəmiri unlanmış dəzgahda yoğuraraq ələ yapışmayan, elastik xəmir halına gətirin. Heç gözlətmədən xəmiri 7-8 hissəyə bölüb kündələyin. Kündənin birini azca unlanmış yağlı kağızın üzərində istədiyiniz formada (dairəvi və ya dördkünc) oxlovla yayın. Dairəvi forma üçün qəlib və ya qazan qapağı qoyub xəmirin kənarlarını kəsib götürün. Xəmirin üzərini çəngəllə deşdəkləyib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 5 dəqiqə qızılı rəng olana qədər bişirin. Bu qaydayla qalan kündələri də yayıb bişirin. Kənarlarından yığılan artıqla bir kündə də hazırlayıb bişirə bilərsiniz.
Kremi hazırlamaq üçün bir qazana yumurta, un və şəkər tozu töküb tel çırpıcıyla qarışdırın. Üzərinə soyuq südü də əlavə edib qarışdırın. Qazanı ocağa qoyub dayanmadan qarışdırın. Kütlə bərkidikdə ocaqdan götürüb kənarda bir neçə dəqiqə ilıdın. İlıq halda olan kütləyə doğranmış kərə yağı (otaq temperaturunda olan), vanil və blenderlə xırdalanmış badam ləpəsi (və ya qoz ləpəsi, fındıq ləpəsi, araxis ləpəsi və s.) əlavə edib mikserlə 2-3 dəqiqə çırpın. İlıq halda olan kremi korjların üzərinə yaxıb üst-üstə düzün. Qalan kremi tortun hər tərəfinə yaxıb üzərini badam ləçəkləriylə bəzəyin. Tortu yarım saatlıq və ya bir neçə saatlıq soyuducuya yerləşdirin. Yarım saat sonra yup-yumşaq olan tortu dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!