Şəki mətbəxi ləziz təamları ilə dünyaya səs salıb. Bu ləziz təamlardan biri də dobu dolmadır. Dobu-dopu, saxsı qab adlanan qablarda bişirilən Şəki dolmasının özünəməxsus bişirilmə üsulu var. Evdar.az dobu dolmasının reseptini təqdim edir.
Şəki Mətbəxinin Ləziz Dobu Dolmasının tərkibi:
- 500 qr qoyun əti
- 2 ədəd soğan
- 2 dəstə şüyüd
- 1 stəkan qatıq
- 50 qr nanə qurusu
- duz, istiot, sarıkök
- 12 dilim quzu yağı
- üzüm yarpağı
Şəki Mətbəxinin Ləziz Dobu Dolmasınn hazırlanma qaydası:
İlk öncə qoyun ətini ətçəkən maşından keçirib qiymə halına gətirin. Soğanı da xırda doğrayıb qiyməyə əlavə edin. Xırda doğranmış şüyüd, qatıq, nanə qurusu, duz, istiot və zövqə görə sarıkök əlavə edib qarışdırın. Yarpaqları açıb içliklə doldurub dolmalar bükün. Dopu qaba ilk öncə quzu yağından 2-3 dilim yerləşdirin. Üzərinə dolmaları doldurun. Bu qaydayla dolacaq qədər dopu qabları doldurub alt və üst hissəsinə quzu yağı qoyub qapaq örtün. Dolmaların üzərinə su töküb dopu qabları soba sinisinə yerləşdirin. Siniyə də su əlavə edin. Əvvəlcədən qızdırılmış sobada dolmaların suyu çəkilib yağa düşənə qədər bişirin. Bişən dolmaları süfrəyə qatıqla verə bilərsiniz.
Nuş Olsun!