Şəkərli diabet xəstələri və pəhrizdə olanlar qidalanmada ümumi qaydalara riayət etməlidir. Diabet xəstələrinin hər qidalanmada az yağlı qatıq və ya ayran qəbulu qan şəkərinin ani yüksəlməsini və azalmasını tarazlayır. Bundan əlavə qatıq aşağı kalorili və qidalandırıcı tərkibi ilə sağlam və asan formada çəki atmağa köməkçi olur. Pəhriz boyunca tərcih edəcəyiniz qatıq az yağlı və yağsız olmalıdır. Kiçikdən böyüyə hər kəsin sevimli içkisi və yeməyi olan dovğanı belə hazırlayaraq sağlamlığınızın qeydinə qala bilərsiniz. Evdar.az şəkər xəstələri və pəhrizdə olanlar üçün dietik dovğanın reseptini təqdim edir.
Dietik Dovğanın tərkibi:
- 2 kq 1,5 % yağlılığı qatıq ( və ya yağsız qatıq)
- 1 xörək qaşığı qarğıdalı nişastası
- 1 ədəd bütöv yumurta ( və yaxud da 1 ədəd yumurta ağı)
- 1 dəstə keşniş
- 1 dəstə şüyüd
- 1 dəstə kəvər
- duz, nanə qurusu
- zövqə görə ispanaq, dağ keşnişi, nanə
Dietik Dovğanın hazırlanma qaydası:
İlk öncə qazanda yumurtanı tel çırpıcıyla çırpın. Üzərinə qatığı və nişastanı əlavə edib yaxşıca qarışdırın. Göyərtiləri yuyub süzün. Suyu süzülmüş göyərtiləri xırda doğrayın. Qazanı ocağa qoyub qarışdıraraq qaynadın. Qaynayan doğvaya göyərtiləri əlavə edib ocağı söndürün. Göyərtilər qaynar dovğada vitaminlərini itirmədən bişəcək. Dovğaya duz əlavə edib qarışdırın. Hazır dovğanı süfrəyə verdikdə üzərinə nanə qurusu əlavə edə bilərsiniz.
Nuş Olsun!