Zəngin çeşidə malik Azərbaycan mətbəxində dolmaların müxtəlif növləri var. Bunlardan biri də alma dolmasıdır. Əgər əvvəllər alma dolması hazırlamamısınızsa, tövsiyə etdiyimiz reseptlə çətinlik çəkmədən ləziz dolma hazırlaya bilərsiniz. Evdar.az ləziz alma dolmasının reseptini təqdim edir.
Turş və Şirin Dadların Sintezi: Alma Dolmasının tərkibi:
- 3 ədəd alma (turş)
- 200 qr qoyun əti (qiymə)
- 1 ədəd soğan
- 100 qr keşniş
- duz, istiot, sarıçiçək
- 100 ml üzüm sirkəsi
- 1 çay qaşığı şəkər tozu
Turş və Şirin Dadların Sintezi: Alma Dolmasının hazırlanma qaydası:
İlk öncə qiyməni tavaya töküb qovurun. Üzərinə xırda doğranmış soğanı da əlavə edib qovurmağa davam edin. Doğranmış keşniş, duz, istiot, sarıçiçək əlavə edib qarışdırın və ocaqdan götürün. Almaları yaxşıca yuyun. Üst hissəsini qapaq kimi kəsib kənara qoyun. Almanın iç hissəsini oyaraq çıxarın. İçi çıxarılmış almaları içliklə doldurun. Doldurulmuş almaların qapaqlarını da örtüb soba sinisinə düzün. Bir qabda üzüm sirkəsi və şəkər tozunu qarışdırıb soba sinisinə almaların yanlarına tökün. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin. Bişməyini çöp şiş batıraraq yoxlaya bilərsiniz.
Nuş Olsun!