Mal, qoyun dilinin tərkibində dəmir, kalsium, kalium, natrium və s. elementlər, B1, B2, B6, PP vitaminləri var. Dadlı və faydalı dil əti həm tək halda, həm də müxtəlif salatlarda istifadə edilir. Ət qədər faydalı olan mal dilindən ləziz salat hazırlaya bilərsiniz. Evdar.az mal dilindən hazırlanan ləziz salatın reseptini təqdim edir.
Tərəvəzli Mal Dili Salatının tərkibi:
- 500 qr mal dili
- 3 ədəd xiyar
- 4 ədəd pomidor
- 3 ədəd soğan
- 2 ədəd rəngli bolqar bibəri
- 1 dəstə keşniş
- 1 xörək qaşığı paprika
- 1 çay qaşığı duz
- 3 xörək qaşığı soya sousu
- 5 xörək qaşığı duru yağ
- zövqə görə istiot
Tərəvəzli Mal Dili Salatının hazırlanma qaydası:
Mal dilini ilk öncə 1 saat soyuq suda saxlayın. Daha sonra qazana bol su töküb mal dilini 2 saat qaynadın (qaynadarkən suya heç nə əlavə etməyin!). Bişən mal dilinin üzərindəki qabığı soyub, yağlı hissələrini kəsib götürün. Soğanı nazik doğrayın. Xiyarı, pomidoru, bolqar bibərini və bişmiş mal dilini də uzunsov doğrayın. Dərin bir qaba doğranmış mal dili, xiyar, soğan, bolqar bibəri, pomidor, xırda doğranmış keşniş, duz, istiot, paprika, soya sousu və duru yağ töküb qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz.
Nuş Olsun!