Uşaqlara isti südlə birlikdə və ya çay, qəhvənin yanına verə biləcəyiniz dadlı peçenye. Evdar.az kibrit çöpü peçenyesinin reseptini təqdim edir.
Xəmiri üçün:
- 250 qr un
- 125 qr şəkər kirşanı
- 125 qr kərə yağı
- 1 paket vanil
- 1 çimdik duz
- 2 ədəd yumurtanın sarısı
- 2 xörək qaşığı soyuq süd
Qlazur üçün:
- 1 ədəd yumurtanın ağı
- 100 qr şəkər kirşanı
- qida boyası
- bir neçə damcı limon şirəsi
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün kərə yağını otaq temperaturunda 20 dəqiqə saxlayın. Mətbəx kombaynına un və kub formasında doğranmış yağı əlavə edib ovuntu olanadək qarışdırın. Alınan ovuntunu iri bir qaba töküb üzərinə şəkər kirşanı əlavə edin. Vanil, yumurta sarısı və duz töküb yumşaq xəmir yoğurun. Lazım gələrsə, 2 xörək qaşığı soyuq süd əlavə edin. Xəmiri streç salafana büküb soyuducuda 30 dəqiqə saxlayın (bir gecə də saxlamaq olar). Daha sonra xəmiri soyuducudan çıxarıb 2 yerə bölün. Bir kündəni təkrar soyuducuya qoyun. O biri kündəni isə 1 sm qalınlıqda yayın. Xətkeşin köməyilə 20 sm uzunu, 1 sm eni olan düzbucaqlar kəsin. Sonra bu kəsdiklərinizi ortadan iki yerə bölün (10 sm-lik “kibrit çöpləri” alınsın deyə). Yağlı kağız sərilmiş soba sinisinə düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 8-10 dəqiqə bişirin. Peçenyeləri qızartmayın, rəngi açıq olmalıdır.
Qlazuru hazırlamaq üçün mikserlə yumurta ağını möhkəm çırpın. Mikserin yüksək sürətində çırparaq şəkər kirşanını az-az əlavə edin. Daha sonra limon suyunu da qatıb çırpmağa davam edin. Üzərinə qida boyası əlavə edib qarışdırın. Bişib soyuyan peçenyelərin bir tərəfini qlazura batırıb yağlı kağızın üzərində 2-3 saat qurudun.
Nuş Olsun!